2012-ci ilin dəbi...

2012-ci il dəb baxımından dinamik, dolğun və canlı rənglərin aktuallığı ilə digərlərindən seçiləcək. SİA-nın məlumatına görə, ilin əsas palitrasını açıq və əlvan rənglər təşkil edəcək. Çəhrayı, narıncı, tünd mavi və qırmızı rənglər isə daha çox nəzərə çarpacaq. Geyimlərdə əsasən kətan, ipək və yun parçalardan istifadə olunacaq. O ki, qaldı geyimlərin formasına, bu mövzu qeyri-adiliyi ilə diqqət çəkəcək.


2012-ci ilin dəbi dar və çox sadə formalar, klassik cizgilər olacaq. Bir çox kolleksiyalarda folklor motivlər aktuallaşıb və onlar təqdim olunub. Onların arasında Latın Amerika üslubuna xas olan rəngləri, ornamentləri gözümüzün önünə gətirsək, görəcəyik ki, bir çox xüsusiyyətlər kolleksiyada özünü əks etdirib.


Qadınların sevimli aksessuarlarından olan çantalara gəlincə isə bu il iri çantalar daha çox dəbdə olacaq. Əsasən rəngarəngliyi ilə seçilən bu çantalar xanımların çiyinlərinə yaraşıq verəcək. Ayaqqabı dəbi isə ən çox bəstəboylu xanımlarımızı sevindirəcək. Çünki bu ilin ən dəbli ayaqqabıları hündürdaban platformalar və corablı uzunboğaz çəkmələr olacaq. Kişi geyimləri də bu il öz fərqliliyi ilə yadda qalacaq. Kişi geyim kolleksiyasında əsas dəyişiklik qalstuklar və aksesuarların daha əlvan rəngdə olmasıdır. Daha dar şalvarlar və daha uzun pencəklər ümumi dəb tendensiyasıdır.


Bu il dəbdə olacaq makiyaj və saç stilləri də rəngarəngliyi sevən xanımların ürəyincə olacaq. Belə ki, makiyajda daha çox parıltılı və al-əlvan rənglərdən istifadə ediləcək. Dodaq boyalarında qırmızı və qızılı rənglər dəbdə olacaq. Gözlərdə isə zərli və daha çox rəngli göz kölgələrindən istifadə ediləcək. Saçlara gəlincə isə qara və qəhvəyi rənglər aktualdır. Hər bir rəng çalarlarının içərisində element kimi saçın rənginə uyan balyaj, kölgə şəkilləri 2012-ci ildə dəbdə olacaq.


Aksesuarlarda isə daha çox gümüş və ağ qızıldan istifadə ediləcək. Bir çox xanımların ən sevimli aksesuarlarından olan iri üzüklər və boyunbağılar da öz aktuallığını saxlayacaq. Xanımlara və eləcə də bəylərə xüsusi gözəllik verən şərflər bu ilin də ən dəbli stillərindən olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə