Dünyanın ən böyük 3D televizoru istehsal edildi

Dünyanın ən böyük 3D televizoru istehsal edildi

LG Electronics şirkəti 84 dioqanallı dünyanın ən böyük 3D televizorunu istehsal etdiyini bəyan edib. SİA-nın zəbərinə görə, bu vaxtadək rekord göstərici Samsung şirkətinin 2011-ci ilin mayında nümayiş etdirdiyi 75 düymlü televizora məxsus olub. Yeni qurğunun paneli 3840x2160 piksel təsvir ölçüsünə malikdir və Full HD (1920x1080) formatı ilə müqayisədə onu 4 dəfə üstələyir. Modelin 2012-ci ilin yanvarın əvvəlində Las-Veqasda keçiriləcək CES 2012 beynəlxalq istehlak elektronikası sərgisində nümayiş etdirilməsi planlaşdırılır.

LG 3D Ultra Definition (UD) TV televizoru nazik çərçivəli korpusda işlənərək hazırlanıb və 3D Depth Control və 3D Sound Zooming funksiyalarını dəstəkləyir. Birinci funksiya televizorunstereo effektini (Philips televizorlarında olduğu kimi) tənzimləməyə imkan verir, ikinci funksiya isə virtual əhatəli səs yaradır. Model həmçinin 2D qrafikasını 3D-yə çevirmə imkanına malikdir.

Qeyd edək ki, yeni qurğu LG şirkətinin Smart TV (internetin müasir televizorlarla inteqrasiyası, eləcə də kompüter və televizorlar arasında texnoloji əlaqə) texnologiyasını dəstəkləyən televizorlar sırasına daxildir. Bu, kompüterin iştirakı olmadan internet saytları açmağa, vidjetlərdən istifadə etməyə imkan verir və 1,2 mindən çox əlavəyə çıxışı təmin edir. LG şirkətindən modelin təxmini qiyməti və satışa nə vaxt çıxarılacağı barədə hələ ki məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə