Nazir: \"İnternet-provayderlərin fəaliyyəti üçün lisenziya tələb olunmadığı üçün, onların dəqiq sayı məlum deyil\"

"Hazırda Azərbaycandakı bütün telefon şəbəkələri elektron növə keçirilib. Bunun nəticəsi olaraq, telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zəruriliyi yaranır ki, bu gün bu, bütün dünyada baş verir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, telefon danışıqlarına görə, vaxt hesabı ödənişin tətbiqi zamanın tələbidir.

"Bir telefon xətti üçün daxil olan zənglər üzrə 450 dəqiqə limit nəzərdə tutulub. Lakin gedən zənglər də nəzərə alınarsa, bu ümumilikdə 900 dəqiqə təşkil edir ki, bu da bir telefon xətti üçün o qədər də az deyil. Limitdən yuxarı hər bir əlavə dəqiqə üçün isə 0,01 manat qiymət təklif olunur", - deyə nazir əlavə edib.

Ə.Abbasov ölkədəki internet-provayderlər barədə də danışıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 30-40 internet-provayder fəaliyyət göstərir. İnternet-provayderlərin sayının çox olduğunu deyən nazir qeyd edib ki, provayderlərin fəaliyyəti üçün lisenziya tələb olunmadığı üçün, onların dəqiq sayı məlum deyil.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə