İki ay ərzində Azərbaycanda “Elektron hökumət” portalı istifadəyə veriləcək
Yaxın iki ay ərzində Azərbaycanda "Elektron hökumət" portalı istifadəyə veriləcək. SİA-nın verdiyi xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.Onun sözlərinə görə, portal artıq formalaşıb. Hazırda elektron xidmətlərin cəmləşdirilməsi və dövlət qurumlarının portala qoşulması prosesi gedir.
Eyni zamanda nazir müavini qeyd edib ki, artıq 10 qurum xidmətgöstərən kimi, 2 qurum isə istifadəçi kimi portala qoşulub: "Ümid edirəm ki, yaxın zamanlarda mərkəzi icra orqanları portalda öz xidmətlərini təqdim edəcək. Hazırda portalda 49 xidmət göstərilir, gələcəkdə xidmətlərin sayı artırılacaq".
Qeyd edək ki, bu həftə Azərbaycan Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları və "Elektron xidmət növlərinin Siyahısı"nı təsdiq edib. Qərarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırmaq, mərkəzi icra hakimiyyəti orqanlarına isə iki ay müddətində göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasını təmin etmək, elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.Qaydalar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir.Qaydalar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələrdə (ailə, qadın, uşaq problemləri, arxitektura və tikinti, dini qurumlarla iş, dövlət qulluğu, əmək və məşğulluq, əmlak münasibətləri, gömrük işi, hüquqi xidmətlər, hüquq mühafizə, idman və bədən tərbiyəsi, kənd təsərrüfatı, kommunal xidmətlər, konsulluq xidmətləri, qaçqınlar və məcburi köçkünlərlə iş, maliyyə, qiymətli kağızlar, audit, mədəniyyət, turizm, müdafiə, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, sənaye, ticarət, sosial müdafiə, sosial təminat, standartlaşdırma və metrologiya, statistika, təbii resurslar və ekologiya, təhsil və elm, torpaq və xəritəçəkmə, vergilər, vətəndaşlıq, miqrasiya) göstərilən xidmətləri əhatə edir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB