Sabahdan “BakuTel-2011” sərgi və konfransı öz işinə başlayır

Sabahdan “BakuTel-2011” sərgi və konfransı öz işinə başlayır

Sabah paytaxtda 17-ci Azərbaycan beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" ("BakuTel-2011") sərgi və konfransı öz işinə başlayır. SİA-nın xəbərinə görə, bu münasibətlə təşkil olunan mətbuat konfransında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, "ITE Group Plc" şirkətinin icraçı direktoru Edvard Stroon, "BakuTel" layihəsinin rəhbəri Rəna Abutalıbova, "BakuTel-2011" sərgisinin əsas sponsoru olan "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə Baş meneceri Veronika Prikrılova və\"Azerfon-Vodafone" mobil operatorunun korporativ Ünsiyyət şöbəsinin direktoru Elşad Fərzəliyev iştirak edib.

E.Stroon mətbuat konfransını açaraq sərgi təşkilatçıları adından Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsinə aidiyyəti olan hər bir kəsi 130 illik yubiley münasibəti ilə təbrik edib. Stroon öz çıxışında qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sərginin inkişafına böyük töhfə verib: "Bu il keçirilən sərgidə iki dəfədən də çox artım müşahidə olunur. Belə ki, dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gələcəklər. "BakuTel" sərgisində bir sıra xarici ölkələrdən 18 milli ekspozisiya da iştirak edəcək. İkinci pavilyonda isə öz miqyası və təqdim edəcəyi layihələri ilə fərqlənən Azərbaycanın Milli pavilyonu yerləşəcək".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini E.Vəlizadə nazirlik tərəfindən ölkə vətəndaşlarının gündəlik həyatında İKT layihələrinin tətbiq edilməsi üzrə aparılan işlər haqqında məlumat verib. O, həmçinin nazirliyin gələcək planları barədə danışıb: "Bu il "BakuTel" sərgisinin keçirilməsi rabitənin yubileyi ilə üst-üstə düşür. 130 il bundan əvvəl Bakıda Nobel Qardaşları tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitə sənayesinin yaranma tarixi başlanır. Bu gün Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoru öz inkişaf templərinə görə qeyri-neft sektorunun sənaye sahələri arasında birinci yeri tutur və bu il keçirilən sərgi sözügedən prosesi əyani şəkildə əks etdirir. Bu ilki sərginin iştirakçıların arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri vardır. Ənənəvi olaraq, "BakuTel" sərgisinin daimi iştirakçıları olan dünyanın İT texnologiya bazarının ən böyük iştirakçıları da bu sərgiyə toplaşıblar. Daimi iştirakçıların sırasına bir çox yeni şirkət qoşulmuşdur və ilk dəfə olaraq, onlar öz texnologiya və xidmətlərini regionun geniş mütəxəssis dairəsinə nümayiş etdirəcəklər.

Tədbirin davamında sərgi barədə ətraflı məlumat verilib və jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, "BakuTel" sərgisi noyabr ayının 23-dən 26-dək "Bakı Ekspo" mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə