İSESKO ölkələrinin təhsil nazirləri İslam Konfransı Gənclər Forumunun proqramını dəstəkləyib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İSESKO Ali Məktəb və Elmi Araşdırma Nazirlərinin Təcili Sessiyası öz işinə başlayıb.
SİA-nın verdiyi xəbərə görə, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən bildiriblər ki, sessiyanın birinci günündə "Səmərəliliyin əsas göstəriciləri – İslam ölkələri universitetlərində peşəkarlığın artırılması və qiymətləndirilməsinin əsas göstəriciləri" adlı işçi sənəd müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilib.
Tədbirin ikinci günü "dəyirmi masa" iştirakçıları "Keyfiyyət artımına nail olmaq üçün ali təhsil sahəsində əlaqələrin gücləndirilməsi" mövzusunda müzakirələr aparıblar. DƏ-İKGF-nin baş katibi, səfir Elşad İsgəndərov qeyri-formal təhsil sahəsində rəhbərlik etdiyi forumun gördüyü işlər haqqında məlumat verib. E.İsgəndərov bu il dünyada ilk dəfə olaraq Azərbaycanda öz işinə başlayan "İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Modeli" haqqında danışaraq bu proqramın gələcəkdə bütün İƏT ölkələrində keçirildiyini bildirib.
"Azərbaycanda keçirilən bu proqram çərçivəsində gənclər səmərəli kommunikasiya, çoxtərəfli diplomatiya və insan haqları problemlərinin müzakirə olunduğu və öyrənildiyi simulyasiya oyunlarında iştirak etmişlər. Proqram "İƏT XİN Sammiti Modeli"nin keçirilməsi ilə sona yetmişdir", - deyə DƏ-İKGF-nin baş katibi vurğulayıb.
E.İsgəndərov İƏT ölkələrində təhsil alan tələbələr arasında genişmiqyaslı proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Baş katib bununla bağlı bir sıra universitetlərlə DƏ-İKGF-nin Avropa ölkələrində "Erasmus" və "Sokrates" proqramlarına oxşar olan "Mövlanə" proqramının hazırlanması üzrə əməkdaşlıqdan da danışıb.
İSESKO-DƏ-İKGF əlaqələrini yüksək qiymətləndirən E.İsgəndərov iki təşkilat arasında imzalanmış əməkdaşlıq haqqında memorandum, xüsusilə gənclərin "Anım günü" proqramı çərçivəsində maarifləndirilməsi işləri haqqında danışıb. Baş katib qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva və İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri arasında imzalanmış sənədlə öz təsdiqini tapmış adıçəkilən proqram dünyanın 50-dən çox ölkəsində həyata keçirilir.
E.İsgəndərov dünya gənclərinin İƏT ölkələrinin tarixində baş vermiş faciələrlə bağlı məlumatlandırılmasında "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının rolunu qeyd edib. DƏ-İKGF-nin baş katibi təhsil nazirlərinin bundan əvvəl keçirilən sessiyalarında Xocalı faciəsi haqqında məlumatların üzv ölkələrdə dərsliklərə salınması işlərinin sürətlənəcəyinə ümid etdiyini bildirib.
E.İsgəndərov, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təhsil sahəsində aparılan islahatlardan, xüsusilə Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil alınmasının dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı Dövlət Proqramından danışıb.
DƏ-İKGF-nin nümayəndə heyətinin üzvü kimi baş katibin müşaviri Hacı Hüseyn Şirvani sessiyanın işində iştirak edib.
Sessiya öz işini davam etdirir.
Azərbaycanı bu tədbirdə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB