“Azerfon” Azərbaycanda ilk dəfə olaraq 3G mobil təhsil layihəsini təqdim edir - FOTO

“Azerfon” Azərbaycanda ilk dəfə olaraq 3G mobil təhsil layihəsini təqdim edir - FOTO

22-23 sentyabr tarixlərində Bakıda keçirilən Tətbiqi Mexanika və Müasir İnformasiya Texnologiyaları üzrə beynəlxalq simpoziumda iştirak edən Azerfon mobil operatoru təhsildə 3G texnologiyası əsasında hazırlanan mobil təhsil layihəsini təqdim edib. SİA-nın xəbərinə görə, beynəlxalq simpozium Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Odlar Yurdu Universiteti, Süleyman Dəmirəl Universiteti və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun təşkilatçılığı və Azerfon mobil operatorunun dəstəyi ilə keçirilir.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev müasir informasiya texnologiyalarının ölkəmizdə inkişafı, təhsil və elmdə tətbiqinin vacibliyini vurğulayıblar. Simpoziumda Azerfon şirkəti ilə Odlar Yurdu Universiteti arasında Azərbaycanda il mobil təhsil layihəsinin təşkilinə dair memorandum da imzalanıb.

Memorandumun imzalanmasından sonra Azerfon mobil operatorunun Baş İcraçı Direktoru Yurgen Pitz mobil təhsil layihəsinin tətbiqini Azərbaycanda müasir təhsilin inkişafında yeni hadisə olduğunu qeyd edib. "Azərbaycanın ilk 3G operatoru olan Azerfon şirkəti ən son mobil texnologiyaları artıq ölkənin sosial inkişafına, xüsusən də, təhsilin müasirləşməsinə yönəldir. Müasir təhsil və tədris sürətli məlumat mübadiləsiz mümkün deyil. Azerfon isə 2009-cu ildən Azərbaycanda 3G texnologiyası əsasında sürətli mobil internet xidmətləri uğurla tətbiq etməkdədir. Bu gün Azərfonun sürətli məlumat ötürülməsi xidmətlərindən 200 mindən artıq insan müntəzəm olaraq istifadə edir. Bu gün imzaladığımız memomrandum isə Odlar Yurdu Universitetində Azərbaycanda ilk dəfə olaraq mobil təhsil təcrübəsinin əsasını qoyur" - deyə Pitz qeyd edib.

2 gün davam edəcək beynəlxalq simpozium Avropa və ABŞ-ın mötəbər təhsil müəssisələrinin elm nümayəndələrinin geniş iştirakı ilə Odlar Yurdu Universiteti və Milli Aviasiya Akademiyasında keçiriləcək. Simpozium zamanı elmdə və cəmiyyətin digər sahələrində müasir informasiya texnologiyalarının tətbiqi, bu sahədə yeniliklə və inkişaf perspektivləri haqqında maraqlı təqdimatlar dinlənilib.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azərfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə