Bu il texnologiya sahəsində hansı yeniliklər tətbiq olunacaq?

Bu il texnologiya sahəsində hansı yeniliklər tətbiq olunacaq?

"Bu il 3G texnologiyalarının geniş tətbiqi həyata keçiriləcək. Yaxın zamanlarda Azercell və Bakcell operatorlarına 3G texnologiyalarının tətbiqi ilə əlaqədar lisensiya veriləcək". SİA-nın xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. O bildirib ki, həmin operatorlara texniki hazırlıqların başa çatdırılması ilə bağlı tapşırıqlar verilib. Nazirin sözlərinə görə, bu il digər yeniliklərdən biri də Azərbaycanda rəqəmsal televiziyaların tətbiqi ilə bağlı olacaq: "İlin sonuna kimi 10-12 Azərbaycanın mərkəzi televiziya yayımları rəqəmsallaşdırılacaq. Bu texnologiya gələn illərdə də davam etdiriləcək. 2012-ci ilin sonuna kimi yeni texnologiyaların tətbiqi tam olaraq başa çatacaq".

Ə.Abbasov ölkədəki mobil operatorların tariflərinin baha olması məsələsinə münasibət bildirib. O vurğulayıb ki, mobil telefonların qiyməti bazarla təmin olunduğu üçün onlara xüsusi təzyiqlər etmək mümkün deyil.

"Sadəcə olaraq, bu istiqamətdə bir neçə tənzimləyici addımlar atılır və qiymətlər mütəmadi olaraq aşağı salınır. Azərbaycanda mobil telefonların qiyməti Şərqi Avropa səviyyəsindədir", - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə