Ölkə prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan məsələlərdən biri də bu ilin sonunadək "Turizm haqqında" qanunun yeni layihəsinin Milli Məclisə təqdim edilməsidir.
Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılıb və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib.
"Turizm haqqında" yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaq. Hazırda qüvvədə olan "Turizm haqqında" qanun və 2002- 2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində müvafiq işlər görülüb. Bundan sonrakı mərhələdə daha yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, dünya standartlarına uyğun turizm xidmətini təşkil etmək, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var. Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, regionlarda turizmin inkişafı, turizmin müxtəlif növlərinin təşviqi baxımından bizə əlavə imkanlar verəcək.
Yeni qanun bu günün tələblərinə cavab verəcək. Artıq müstəqil Azərbaycanın turizm sahəsində müəyyən təcrübəsi var. Respublika daxilində sərgilər keçirilir, ölkəmiz beynəlxalq turizm sərgilərində iştirak edir, turizm potensialımız dünyanın məşhur kanallarında reklam olunur. Əvvəllər beynəlxalq sərgilərdə yalnız nazirlik təmsil olunurdusa, indi bu sıraya turizm şirkətləri də qoşulub. Bu kimi məsələlərdə də yeni turizm qanununa ehtiyac var.
Yeni qanunda beynəlxalq normalar, bu çərçivədə Mədəniyyət və Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin tənzimlənməsi və s. mühüm məsələlər əksini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB