ABŞ dünyada ən sürətli təyyarəni – gələcəyin təhlükəli silahını sınaqdan keçirir

ABŞ dünyada ən sürətli təyyarəni – gələcəyin təhlükəli silahını sınaqdan keçirir

Avqustun 11-də ABŞ dünyanın ən sürətli təyyarəsini – səsdən 20 dəfə sürətlə uçan təyyarəni real uçuşda sınaqdan keçirəcək. SİA-nın məlumatına görə, Nyu-Yorkdan Los-Ancelesə adətən beş saatdan çox vaxt aparan yol bu aparatda cəmi 12 dəqiqəyə, Londondan Sidneyə olan məsafə isə yarım saata qət ediləcək.

Sınaqlar uğurlu olarsa, lap fantastik kitablarda və filmlərdə olduğu kimi, planetin müxtəlif nöqtələri arasında suborbital kosmik sərnişin daşımaları erasının başlanmasından danışmaq olacaq. Bütün bunlarla yanaşı, qeyd edək ki, testin mülki deyil, hərbi məqsədlə hazırlandığı bildirilib.
Hipersürətli Falcon HTV-2 Amerikanın müdafiə sahəsində perspektiv tədqiqat proqramları idarəsinin (DARPA) kəşfidir və yeni nəsildən olan supersilahdır.
"The Guardian" yazır ki, Pentaqonun fikrincə, belə aparatda təxminən bir saata planetin istənilən nöqtəsinə nüvə bombası çatdırmaq və atmaq olar.
Hava imkan versə, Falcon HTV-2 Amerika hərbi hava qüvvələrinin Kaliforniyadakı Vanderberq bazasından buraxılacaq. IV Minotaur ballistik raketi pilotsuz təyyarəni Yer atmosferi ilə kosmos arasındakı sərhədə çıxaracaq.
Falcon yarım saata 7,6 min kilometr məsafə qət edəcək və Sakit okeanda Kvacaleyn mərcan adası rayonunda (Marşal adaları) yerə düşəcək.
Xatırladaq ki, keçən ilin aprelində real şəraitdə onun ilk test buraxılışı uğursuz olmuşdu.
İndiyədək Falcon HTV-2 aparatının işlənib hazırlanmasına, modifikasiyasına və sınaqdan çıxarılmasına 308 milyon dollar xərclənib.
Qeyd edək ki, təyyarənin 2025-ci ildə tam hazır olacağı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə