Cins şalvarları nə ilə geyinmək lazımdır? - ARAŞDIRMA

Hamının qarderobunda üstünlük təşkil edən cins şalvarlarla bağlı SİA araşdırma aparıb. Belə ki, cins şalvarla bağlı mütəxəssislər maraqlı məsləhətlər verib. Həmin məsləhətləri sizlərə təqdim edir:

Hazırda qarderobunda ən azı bir cüt cins şalvar olmayan insana rast gəlmək çox çətindir. Bir balaca keçmişə nəzər salsaq görərik ki, o vaxtlar cins şalvarlar xüsusi bir qeyri-adilikləri ilə fərqlənməsələr belə onlara tələbat inanılmaz dərəcədə çox idi və insanlara ağlasığmaz qiymətlərlə satılırdı. Halbuki indi hər bir kəs öz zövqünə görə istədiyi formada cins şalvarı asanlıqla tapıb, çox sərfəli qiymətlərə də ala bilir. Milyonlarla insan rahatlığı və komfortu ilə fərqlənən denim (cins) şalvarlarına üstünlük verir.

Bəzən insanlar eyni cins şalvar modelini həm iş yerinə, həm gəzintiyə, həm də gecə klubuna geyinir. Bəzilərinin fikrincə bu monotonluqdur , lakin bu, heç də belə deyil. Belə ki, cins şalvarı üzərimizdəki digər üst geyimləri ilə düzgün uyğunlaşdırdığımız halda hər dəfə qeyri-adi bir görkəmə sahib ola bilərik.

Bəs cins şalvarı necə seçmək olar? Əvvəlcə cins şalvarın nə məqsədlə geyiniləcəyi dəqiqləşdirilməlidir. Bəlkə siz cinsi işə geyinəcəksiniz, ya da sadəcə ay işığında bir gəzintiyə çıxacaqsınız, yaxud da siz bir gecə klubuna getməyi planlaşdırırsınız və istəyirsiniz oradakıların diqqəti yalnız sizdə olsun. Hər bir halda siz bir cüt cins şalvardan bütün bunların hamısını həyata keçirmək üçün istifadə edə bilərsiniz.

Gündəlik geyimdə cins şalvardan necə istifadə etmək lazımdır?

Siz gəzintiyə çıxacaqsınız və sizə rahat bir geyim lazımdır? Komfort, rahatlıq və biz az da şarmlı olmaq istəyirsiniz? Bu cür situasiyalarda adətən ən sevimli cins şalvara və futbolkaya üstünlük verilir. Bu futbolka ağ rəngdən tutmuş, çox parlaq çalarlara kimi hər bir rəngdə ola bilər. Formanın da necə olmasının böyük bir əhəmiyyəti yoxdur. Siz öz əhval-ruhiyyənizə uyğun olaraq hər hansı bir formanı seçə bilərsiniz. Hətta futbolkanın cins şalvarınızla mükəmməl şəkildə əlaqələndirilməsinə belə fikir verməyinizə ehtiyac yoxdur. İnanın ki, istənilən parlaq rəngli, diqqəti cəlb edən futbolka cinslə geyinildikdə, klassik formalı bir geyim təəssüratı yaradır. Bunu sınaqdan keçirməkdən və öz individuallığınızı göstərməkdən heç bir vaxt çəkinməyin.

Bəs işə cins şalvarı nə ilə geyinmək lazımdır?

İşə və ya məktəbə düz cins şalvarların geyinilməsi daha məqsədəuyğundur. Xarici görkəminizə bir balaca da eleqantlıq qatmaq istəyirsinizsə, cins şalvarla bel hissəsindən azca daraldılmış uzun jaket geyinin. Bu sizə zəriflik və incəlik qazandıracaq. Belə geyimdə qadınlar çox cəlbedici və stilli görünürlər.

Sevdiyin insanla görüşə gedərkən cins şalvarla nə geyinə bilərsən?

Sevgilisi ilə görüşə çıxmaq hər bir qızın həyatında ən xoş məqamlardandır. Əlbəttə ki, bu zaman hər bir qız çox gözəl görünmək, özünə inamlı bir təsir yaratmaq və geyindiyi paltarla özünü narahat hiss etməmək istəyir. Bu zaman hətta ən çox sevdiyiniz donu, yubkanı geyinmək istəmirsinizsə, onda cins şalvarla uzun kofta və ya topik sizin üçün ən ideal variant hesab olunur. Bu zaman ən gözəl rəng çalarlarını seçməyə çalışın ki, onlar sizin zərifliyinizi daha da ortaya çıxarsın. Düz, yaxşı bir şəkildə oturmuş cins şalvar və onun üzərinə düşən uzun kofta bədən formanızı ortaya çıxarmağa və sizi daha gözəl göstərməyə kömək edər. Yaxşı olardı ki, uzun koftanın beli büzməli olmasın. Çünki bu, sizin bədən formanızı olduğundan böyük göstərə bilər.

Gecə klubuna cins şalvarı nə ilə geyinmək olar?

Klubda hamı adətən bir-birindən seçilməyə çalışırlar. Bu zaman insana individuallığı göstərmək məsələsində geyindiyi paltar kömək edir. Belə olduğu halda siz hər hansı bir cins şalvarı müxtəlif şeylərlə kombinə edə bilərsiniz. Məsələn, hər hansı bir klassik köynək və ya ipək kofta, və ya adi bir futbolka sizin köməyinizə çata bilər. Lakin maraqlı və daha effektli görünüş əldə etməyin ən ideal yolu cins şalvarla trikotaj paltarların geyinilməsidir. Çünki bu, sizin xarici görkəminizə müəyyən cazibədarlıq, fərqlilik qatacaq.

Sonda isə qeyd etmək istərdik ki, əgər siz əsl yubka həvəskarısınızsa və düşünürsünüzsə ki, zərif qadın şalvar geyinməməlidir, lakin zamanla cins yubkaları da nə ilə geyinəcəyinizi bilmirsinizsə, heç narahat olmayın. Çünki yuxarıda dediklərimizin hamısı cins yubkalara da şamil edilir. Bir sözlə, bu deyilənlərə əməl etsəniz, görünüşünüzə hər hansı bir zərər gələcəyindən qətiyyən qorxmayın. Bu cür geyimlə siz həmişə qeyri-adi və cazibədar görünəcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə