Möcüzələr və əfsanələr ölkəsi – Hindistan

Qış aylarında nədənsə insan tropik bir ölkəyə getmək, soyuqdan donmuş bədənini isitmək arzusundadır. SİA-nın xəbərinə görə, bu arzunu reallaşdırmağın tək yolu açıq səma altında zəngin muzeyə bənzəyən möcüzələr diyarı – Hindistana getməkdir. Hindistan deyəndə çoxlarının təsəvvüründə bir mənzərə canlanır – insanlar fil üzərində gəzir, ölüləri Qanq çayına atır, ayaqyalın, cırıq paltar geyinmiş kişilər küçələrdə gəzişir. Bu təsəvvür bir az reallığa yaxındır. Amma Hindistan o qədər də qorxulu bir ölkə deyil. Ekzotik ölkənin paytaxtı Dehli şəhəridir.


Bakıdan Hindistana getmək üçün Daşkənd – Dehli reysindən istifadə etmək lazımdır. Gəzinti hava limanından başlayır. Ətrafda saqqallı, qaradərili kişilər və sariyə bürünmüş qadınlar gəzişir, havadan ədviyyat iyi gəlir. Deyilənə görə, bu, Hindistanın xüsusi iyidir. Avtobus turistləri Meyn-Bazar küçəsindəki Şelton otelinə aparır. Oteldə bütün otaqlara sterilizə olunmuş su qoyulur. Ölkənin havasını müəyyən etmək qeyri-mümkündür. Hindistana gəlmək istəyirsənsə, oktyabrdan marta kimi olan ərəfəni seç. Bu müddətdə hava nə çox isti, nə də yağışlı olmur.


Hindistanda qadınlar açıq-saçıq, bahalı brendlərdən geyinmirlər. Xristian ölkələrindən gələn turistlər müsəlman qadınlarına vurğundurlar. Dediklərinə görə, onları Hindistanda qadınların qapalı geyinməsi cəlb edir. Hətta onlar hind qadınlarını "tapmaca" adlandırırlar.


İnsanların emosiyaları, mehribançılığı, gülüşü, mülayim simaları adamı heyran edir. Hər kəsdən müsbət enerji alırsan.


Səyahət zamanı turistlərə "qızıl üçbucaq" gəzintisini təklif olunur. Bura Hindistanın ən möhtəşəm şəhərləri Dehli, Aqra və Caypuru gəzmək daxildir.


Səyahətin ilk günü Dehliyə gəzinti ilə başlayır. Hər tərəfdən gül-çiçək və darçın iyi gəlir. Dehli Hindistanın ən böyük və ən qədim şəhərlərindəndir. Türistləri aparan avtobusda heç kim biletdə yazılan yerində oturmur. Pəncərələr açıq olur. Naməlum insanlar istədikləri vaxt avtobusun içinə girir, onlara lazım olan yerdə elə pəncərədəncə düşürlər. Turistlər sürücüyə şikayət etsələr də o əhəmiyyət vermir. Dehlidə görməli yerlər çoxdur. Lotos məbədi, Hindistan divarları, Cama məscidi, Jantar-Mantar astronomik rəsədxanası, Qırmızı Fort bütün bunları gəzməyə üç-dörd gün kifayət etməz. Şəhərin mərkəzində turistlərin diqqətini cəlb etmək üçün müxtəlif şoular göstərilir: ilanla oynayanların, kəndirbazların şousunu heyrətlə izləyib, cadugərlərin taleyinlə bağlı dediklərini eşitmək gəzintinin ən maraqlı hissəsi olacaq. Qırmızı Fordu görəndə heyrətlənməmək mümkün deyil. Bura qırmızı mərmərdən və qumdan tikilib. İçərisi isə qızıl, gümüş və bahalı daşlarla bəzədilib. Gəzintinin sonunda Lotos məbədini görmək qalır. Amma elə yorğun olursan ki, turistlər imtina etməyə başlayır. Bura ayaqqabı ilə girmək olmaz. Məbədin qəribə aurası var. Ölü kimi yorğun olsan da bu məbəddən çıxanda özünü çox rahat və enerjili hiss edəcəksən.


Mətbəx:


Hindistan mətbəxi ərəb yeməklərinə yaxındır. Burada yeməklər çox istiotlu olur. Elə buna görə də yeməkdən sonra ağzındakı yanğını söndürmək üçün bütün masalara anis yarpağı qoyulur. Hindistan mətbəxində üç dad birləşir – şirin, turş və acı.


İsti yeməklərin əksəriyyətinə yoqurt tökülür. Bütün yeməklərin tərkibində darçın olur. Amma, bu ənənəvi darçından çox fərqlənir. Onun tərkibinə yüz cür ədviyyat qatılır.


Hindistanda əhalinin əksəriyyəti vegeterianlardır. Vegeterianlar üçün buranın mətbəxi əsl tapıntıdır. Ən dadlı və bahalı xörəklər qoyun və keçi ətindən hazırlanır. Hindistan əhalisi balıq və xərçəng xoşlamır. Amma buna baxmayaraq, restoranların menyusunda onlara rast gəlmək olur.


Qəribədir ki, bu ölkədə meyvənin bol olmasına baxmayaraq, meyvəli desert heç yoxdur. Ən sevimli desert krem-şantidən hazırlanaraq, dondurmanı xatırladır.


Küçədə çirkli masaların üstündə hazırlanan yemək belə iştah açır. Yeməklərə o qədər ətirli ədəvalar vururlar ki, qoxusu adamı heyran edir. Bu qədər istiot və ədviyyat vurmalarına baxmayaraq yeməklər heç vaxt mədəyə ağırlıq etmir.


Hindistan həm də souslarla məşhurdur. Ən sevimli souslar "umman" və "koddi"dir.


Alış-veriş:


Ən çox alış-veriş Qoa ərazisindədir. Burada bütün satıcılar rus dilində bilir. Onlarla istədiyin kimi söhbət edib, aldığın malın qiymətini aşağı endirə bilərsən. Bütün suvenirlər əl işləridir. Balıqqulaqlarından düzəldilən suvenirlərin isə görünüşünə heyran qalacaqsınız. Hindistanda geyim üçün əlbəttə ki, gözəl sarilərdən başqa heç nə yoxdur. Aqra ən böyük bazarları olan bölgədir. Burada dəridən, dəyərli daşlardan düzəldilən aksesuarlar, dünyanın heç bir yanında dadmayacağın şirniyyatlar tapacaqsan.


Qaydalar:


Hindistanda kiməsə nəsə verəndə və alanda sağ əldən istifadə edilməlidir. Yeməyi də mütləq sağ əlinlə yeməlisən.


Gigiyenik qaydalara mütləq riayət etməlisən. Dişlərini qaynanmış suyla fırçalamalısan. İçmək üçün ancaq qazlı sudan istifadə etməlisən. Meyvələri yeməzdən əvvəl mütləq isti su ilə yumalısan. Hətta özünlə spirt götürüb, restoranda oturanda çəngəl-qaşığı və boşqabı silməlisən.


Hansısa bir məbəddə şəkil çəkdirmək arzusundasansa, mütləq oranın nəzarətçisindən icazə almalısan.


Ölkədən hind pulu çıxartmağa icazə verilmir. Küçələrdə valyutadəyişmə mərkəzləri yoxdur. Bunun üçün banka getməli, blanklar doldurmalı, sertifikat almalısan.


Ölkəyə tərkibində donuz əti olan qidalar gətirmək, sürünən heyvan dərisindən düzəldilən əşyalar, külçə qızıl və gümüş, antik əşyalar çıxartmaq qadağandır.


Sevgililər küçədə, insanlar arasında əl-ələ tuta bilməzlər.


Saçlarını açıq qoyub, gəzən qadınlara pis baxırlar.


Bir həftəlik gediş-dönüş bileti 630 manatadır. Hindistana gedərkən özünlə 5000 dollardan çox pul götürmə. Çünki buna icazə verilmir.


Bütün xəbərlər Facebook səhifəmizdə