VIP restoranlar, ciddi geyimli insanlar, dünyanın ən məşhur brendlərinin yer aldığı ticarət mərkəzlərini gəzmək yəqin ki, hamının arzusudur. Əgər eynilikdən bezib, qeyri-adi bir aləmə atılmaq arzusundasansa Londona getmək ən doğru seçimdir. SİA-nın xəbərinə görə, beləcə hamının xəyallarında canlandırdığı Biq-Beni, Bukingem sarayını gəzmək istəyini bir bilet almaqla reallaşdıra bilərsən. Dumanlı şəhərə-Böyük Britaniyanın paytaxtı olan zadəganlar şəhərinə səyahət üçün Bakı - London reysindən istifadə etmək lazımdır.
5 saatlıq uçuşdan sonra nəhayət ki, təyyarə Qetvik hava limanına enir. Bax əsl səyahət elə buradan başlayır. Hər addımda məlumat var; işarələr, metrolara gedən yol, çarxlar. Deyilənə görə, burada turistlərin rahatlığı üçün bütün otellərdə xidmət yüksək səviyyədədir. Ən əsası otaqlar təmizdir. Otaqda sterilizə olunmuş su və Londonun tarixi məkanlarının əks olunduğu albom qoyulur. Bu, turistlərə gedəcəkləri yerləri dəqiqləşdirməkdə kömək edir.
London ilin bütün fəsillərində gözəldir. Mülayim hava şəraiti turistləri həmişə sevindirir. Sizi nə yayın nəfəs kəsən istisi, nə də qışın soyuq şaxtası narahat etməyəcək. Amma turistlərə gözəl gəzinti keçirtmək üçün aprel ayından oktyabrın sonuna qədər olan ərəfəni seçmək məsləhət görülür. Britaniya krallığının mərkəzi hesab edilən London iyul və avqust ayında turistlərlə dolu olur. London səması qeyri-adi bir gözəlliyə sahibdir. Səmaya baxmaqdan doymursan. Hər 15 dəqiqədən bir dəyişən hava, səmanın rəngi adamı valeh edir.
London gecələri tamam fərqlidir. Qaranlıq düşəndə ciddi, işadamı stilində olan şəhərdən əsər-əlamət qalmır. Hətta avtomobillər də dəyişib, idman stilinə keçir.
Londonun səsi
Deyilənə görə, Biq-Ben dünyada zamanı dəqiq göstərən yeganə saatdır. Britaniyanın fəxri və rəmzi sayılan bu saata çox vaxt "Müqəddəs Stefan qülləsi" də deyilir. Saatın sağ və sol tərəfində latın dilində "Tanrıya şükür" yazılıb.
Viktoriya və Albert Muzeyi - bu tarixi tikili qəribə dizaynı ilə turistləri heyran edir. Mərmərlə, farforla, bahalı metallarla dizayn edilmiş bu muzeyə giriş pulsuzdur. Gözəl incəsənət nümunələrinin hamısına baxmağa vaxt çatmır.
Madam Tusso Muzeyi - yəqin ki, çoxlarınız buradakı fiqurlar haqqında eşitmisiz. Muzeydə gəzintidən sonra onun deyildiyi qədər möhtəşəm bir məkan olduğuna əmin olacaqsınız. Bu muzeyin yaxınlığında Şerlok Holmsun evi yerləşir. Evdə gəzinti səyahətin ən maraqlı hissəsindən biri olacaq. Bura ürəyindən keçənləri yazmaq üçün böyük dəftər qoyulub.
Tarix Muzeyi - dünyada analoqu olmayan bu muzey Britaniyanın tarixi ilə bağlı bütün məlumatları turistlərə asanlıqla çatdırır.
Britaniya Muzeyi - tarixi kolleksiyalarla zəngin olan bu məkan dünyanın ən möhtəşəm muzeyidir. İngilislər belə bir muzeylərinin olması ilə fəxr edirlər. Muzeydə 94 qalereya və mindən çox incəsənət nümunəsi var.
Gəzintidən sonra yorğunluğunu atmaq arzusundasansa məşhur Trafalqar Meydanına getmək, ansamblın canlı ifasını dinləmək sənə ilham verəcək.
Axşam tərəfi şəhərdən keçərkən yolüstü "Londonun gözü" adlandırılan çarxa baxdıqda insan həzz alır.
Kral botanika bağı - Londonun ən görməli məkanlarındandır. Burada 40 mindən çox bitki növü mövcuddur. Ətrafında Çin bağı, daş bağ və iki rəsm qalereyası yerləşir ki, bu da gəzintiyə rəngarənglik qatacaq. Bağa giriş 7,5 britaniya funtudur. 16 yaşdan kiçik olan uşaqlara isə giriş pulsuzdur. Londonun görməli yerlərindən biri Çelsidəki "Kral hospitalı"dır. Elə bilməyin ki, bura xəstəxanadır. Burada möhtəşəm, qeyri-adi güllər becərilir. Hər il may ayında isə güllər sərgisi keçirilir. Əmin ol ki, burada görəcəyin çiçəklərə həyatında bir də heç yerdə rast gəlməyəcəksən. Londonun yeraltı dünyası
Bu gəzinti ilə siz özündə bütün sirləri saxlayan qəddar və qanlı tarixə səyahət edəcəksiniz. Qorxulu labirintlər arasında gəzinti dəhşət filmlərini xatırladacaq. Əsl adrenalin vurğunlarının yeridir. Bu qorxulu gəzintinin özü də sizə yeni bir əyləncə bəxş edəcək.
Bukingem sarayı
Turistlərin ən çox görmək istədikləri məkanlar sırasında birinci yerdədir. Sarayda 661 otaq var. Onlardan 18-i ilin müəyyən günlərində əhali üçün açıq olur. Kraliça öz həyat yoldaşı ilə birlikdə sarayın şimal hissəsində 12 otaqlı bir guşədə qalır. Otaqların mənzərəsi Qrin parka açılır. Saray gözətçilər tərəfindən qorunur. Aprel ayından avqusta qədər hər gün saat 11.30-da gözətçilərin dəyişdirilməsi mərasimi keçirilir. Mərasim turistlərin böyük marağına səbəb olur.
Ulduzlu yol
Londonun səs-küylü küçələri səni yordusa və sakit bir məkana çəkilib, dincəlmək istəyirsənsə, Qayd Parka gedin. Parkda əylənmək üçün böyük imkanlar var. Burada qaça, idman edə və at sürə bilərsən. Londonun yay idmanı üçün hər bir imkanı özündə cəmləyən Serpantin gölü də bu parkda yerləşir. Burada qayıqla gəzmək, katamaran sürmək, hətta çimib, qumlu sahildə günəş vannası qəbul etmək imkanı da qazanacaqsan. Məşhur "Rotten rou" da burada yerləşir. Yol ulduz formasında olan işıqlarla bəzədilib. Bu yola gecə baxmaq tamam başqa bir həzdir.
Mətbəx:
London əhalisi elə hesab edir ki, dünyada ən pis yeməklər onlardadır. Amma bu o qədər də dəhşətli deyil. İngilislərin zəngin mətbəxi var. Burada istədiyin növdə yemək tapa bilərsən. London mətbəxi alma piroqu, zəncəfil peçenyeləri və pudinqləri ilə məşhurdur. Ən sevimli yeməklərdən biri içərisinə nanə və yağ qatılmış kartof püresidir. Bütün restoranların menyusunda onun adı xüsusi qeyd olunur. Yanında isə qızardılmış qoyun əti verilir. Qoyun ətinin yanında istədiyin sousu seçə bilərsən - çörəkli, nanəli, qırmızı qarağatlı, acılı sous.
London əhalisinin xüsusi və ən sevimli şirniyyatlarından biri balqabaq mürəbbəsidir.
Əgər əsl ingilis xörəklərindən dadmaq istəyirsənsə, bahalı bir restorana getmək vacib deyil. Əsl kənd yeməkləri hazırlayan xüsusi evlər fəaliyyət göstərir ki, günün istədiyin saatında onlara sifariş verə bilərsən.
Əgər möhtəşəm mətbəx istəyirsənsə, onda Meyfer, Sent-Ceyms və ya Çelsiyə get. Vyetnam mətbəxinin qeyri-adi xörəklərindən dadmaq istəyən Viet Hoa və ya Hanoi Kafeyə getsin.
Qanunlar:
Avtobus gözləyəndə mütləq növbəyə durmalısan. Axşam vaxtı avtobusa minməli olsan mütləq üzərində göy rəngdə "N" hərfi yazılana min. Ancaq bu avtobusların axşam sərnişin daşıma hüququ var. Gecə vaxtı avtobusa minsən, birinci mərtəbədə oturmağa çalış və qətiyyən yatma.
Londonlular şəxsi həyatları ilə bağlı danışmağı və kiminsə bu haqda soruşmasını sevmirlər. Söhbət zamanı "düşünürəm ki", "məncə", "ola bilsin ki" kimi sözləri işlətmək ədəbsizlik hesab edilir. Yemək zamanı əynindəki paltarını mütləq dəyişməlisən.
İngilis adətlərinə görə, qonaq gedərkən əlində mütləq hədiyyə aparmalısan. Qonaqlıqda boşqabındakı bütün yeməkləri yeməlisən. Evə qayıdandan sonra qonaq getdiyin evin yiyəsinə təşəkkür məktubu göndərməlisən. Müasir dövrdə əsasən telefonla ya zəng edir, ya da mesaj yazırlar.
Turistlər özləri ilə 50-yə qədər siqar, 1 litr spirtli içki, dəyəri 28 funt-sterlinq olan suvenir və başqa hədiyyələr apara bilərlər. Ölkəyə saxta qəpiklər və başqa əşyalar, bütün quş növləri və yumurtaları, ət, toyuq, radio və bitki gətirmək qadağandır.
"Shopping" in the London
Əsl alış-verişə xoş gəlmisiniz. London alış-verişin mərkəzi hesab edilir. Burada nə istəsən tapa bilərsən: ən son dəbdə olan paltarlar, qeyri-adi dizaynda olan zinyət və ev əşyaları, qurmanlar üçün bütün növ ədviyyatlar.
Ən məşhur brendlərin satıldığı mağazaları, parıldayan vitrinləri gəzmək istəsən Vest-End rayonuna getmək məsləhətdir. Oksford, Bond Strit ticarət mərkəzlərində gəzintidən zövq alacağına əmin ol.
Hər həftənin dördüncü günü Londonda "Shopping Day" keçirilir. Həmin gün mağazalar gecə yarısına kimi açıq olur. Alış-veriş zamanı müştərilərə hədiyyələr verilir. Əgər suvenirlər, rəsm əsərləri almaq, ingilislər demişkən "aristokrat shopping" etmək istəyirsənsə, Kamden Tauna get.
Təhsil:
London yüksək səviyyəli təhsil sistemi ilə məşhurdur. Burada dünyanın ən məşhur universitetləri yerləşir: Britaniya Akademiyası, Texniki Universiteti, İncəsənət Universiteti. Bütün gənclərin arzusu olan Oksford universiteti də buradadır. Londonda 15 rəssamlıq məktəbi fəaliyyət göstərir. Səviyyəli təhsil almaq istəyənlər Londonun məşhur universitetlərindən birini seçsələr heç də peşman olmazlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB