Divar kağızı təmizləyicisi, hərbi çəkmələr üçün yumşaq plastik və heykəltəraşlıq tələbələri üçün düşünülən, tapılan, lakin zamanla azyaşlı uşaqların xəyallarını çin edən oyun xəmiri əslində iki fərqli qitədəki ixtiraçıların bir-birindən xəbərsiz kəşfidir.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İngiltərənin Batha şəhərindəki incəsənət müəllimi Uilyam Harbut (William Harbutt, 1844-1921), ABŞ-ın “General Electric” şirkətinin mühəndisi Ceyms Rayt (James Wright, 1874-1961) və divar kağızı təmizləyicisi istehsalçısı Noah MakVikerin (Noah McVicker, 1905-1980) fərqli məqsədlər üçün yola çıxdıqları bu kəşf hekayələri nəticəsində qazananlar ilk olaraq uşaqlar, az sonra multfilm (animasiya) rejissorları oldu.
İncəsənət müəllimi Uilyam Harbut heykəltəraşlıq üzrə tələbələri üçün qurumayan gil axtarırdı, amma istədiyini ala bilmirdi. Düsturları dəyişdirərək tapdığı yeni gil xəmir hava ilə təmasda olunca ya yapışmır, ya da çox qısa müddətdə sərtləşib yararsız hala düşürdü. Uzun sınaqlardan və kiçik təsadüfdən sonra düzgün qarışığı tapan Harbut yumşaq və toksik, yəni zəhərli olmayan bir gil növü kəşf etdi. 1899-cu ildə patenti alınan qarışıq tez bir zamanda kommersiya məhsuluna çevrildi, lakin istifadəsi məhdud oldu, populyarlaşmadı, ta ki Atlantik okeanının o tayında çox fərqli məhsul axtaran mühəndis Ceyms Rayt və Noah MakViker tərəfindən bir daha kəşf edilənə qədər.
İkinci Dünya Müharibəsi illərində Amerika ordusuna təyyarə təkərləri və hərbi çəkmələr üçün plastikə ehtiyac günü-gündən artırdı. “General Electric”də bu sahədə çalışan Ceyms Rayt yeni növ plastik tapmaq niyyətindəydi, yəni məqsədi uşaqlar üçün oyuncaq icad etmək deyildi. Müxtəlif təcrübələr aparan, lakin istədiyi nəticəni ala bilməyən amerikalı mühəndisin istifadə etdiyi silikon yağına təsadüfən əlindən bir neçə damcı bor turşusu düşdü. Bir müddət sonra yağ bir az bərkidi və mayelikdən çıxaraq elastik hala gəldi. Beləliklə, Ceyms Rayt diqqətini bu istiqamətdə toplayaraq oyun xəmirinin ixtiraçılarından biri oldu.
Digər tərəfdə ailəsinin təmizlik şirkətinə dəstək olmaq istəyən və buna bənzər formula ilə divar kağızı təmizləyici məhsulu hazırlayan Noah MakViker də bunu icadı etdi, amma yeni kəşfinin uşaqların təxəyyülü üçün nə qədər vacib olduğunu sonradan anladı.
MakVikerin xüsusi pastası əla divar kağızı təmizləyicisiydi, çünki tərkibində zəhərli kimyəvi maddələr yox idi, dəfələrlə istifadə edilə bilirdi və divar kağızına ləkə buraxmırdı.
Bir gün müəllimlərin fikrinə gəldi ki, divar kağızı təmizləyən xəmirdən məktəbdə sadə sənət əsərləri də hazırlamaq olar. Bunu anlayan Noah MakVikerin qardaşı oğlu Cozef əmisinin hazırladığı, lakin bu dəfə azyaşlı uşaqlar üçün hazırlanan macunu yeni brend adı ilə bazara çıxarmaq təklifini etdi və dünyanın ən məşhur plastilin istehsal edən firmanın əsasını qoydu.
XX əsrin ən mühüm ixtiralarından sayılan, istehsal resepti patentli şirkətlər tərəfindən gizli saxlanılan oyun xəmiri rəsm və heykəltaraşlıq məktəblərindən, uşaq oyun otaqlarından film sənayesinin zirvəsi sayılan “Oscar”a qədər gedib çıxdı. İş o yerə çatdı ki, britaniyalı rejissor və prodüser Nik Park (Nick Park) 2005-ci ildə plastilıinlə modelləşdirilmiş personajların yer aldığı "Uollas və Qromit" (Wallace ve Gromit) adlı cizgi filmi ilə “Oscar” mükafatı qazandı.
Bütün xəbərlər Facebook səhifəmizdə