Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə C.Naxçıvanski adına hərbi liseydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu" adlı tədbir keçirib.

Bu barədə SİA-ya Hərbi Prokurorluqdan məlumat verilib.

Tədbirdə hərbi prokuror çıxış edərək, Azərbaycan tarixində ilk dəfə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətçi kimi 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmadan Azərbaycanın hərbi gələcəyinin əsası olan Cəmşid Naxçıvanski adına hərbi liseyini yaratması və milli hərbi təhsilin inkişaf yolu barədə geniş məlumat verib.

Vurğulanıb ki, bu məktəbin məzunları və onların davamçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə nümunə olacaqdır.

Hərbi liseyin kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil müəssisəsində təhsil almaqdan qürur hiss keçirdiklərini bildirib, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən kursantlara hədiyyələr təqdim edilib və təhsildə uğurlar arzulanıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə