Gəl bir qəhvə içək, sağlamlığın sağlığına! -ARAŞDIRMA

Bəzi alimlər onun xeyrindən, bəziləri isə zərərli təsirindən əmindir. Qəhvə nədir, nədən hazırlanır və insan orqanizminə zərər verirmi? Əslində, qəhvənin xeyri və ya zərəri barədə olduqca çox elmi məqalələr, araşdırma nəticələri olsa da, yekdil rəy yoxdur. Qəhvənin asılılıq yaratması isə elmə və dolayısı ilə bizə çoxdan məlumdur, onu içən bir də istəyirsə bu tərkibindəki kofeindən xəbər verir. Aparılan araşdırmalara görə gündə bir fincan qəhvə baş ağrısına, xüsusilə miqrenə, qara ciyərə və mədə narahatlıqlarına qarşı faydalı olur.

Çeşidli araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı ürəyin ritmini pozur, kofenin tərkibindəki kofein çox istehlak edildikdə, ürəkdə ritm pozğunluqları meydana gələ, nizamsız ürək döyüntüləri isə tənginəfəsliyə və ürək çatışmazlığına səbəb ola bilər. Həkimlər ürək xəstələrinin məhdud miqdarda qəhvə içmələrini tövsiyə edir.

Qeyd edək ki, hələ 2003-cü ildə Edinburq Universiteti mütəxəssislərinin apardığı bir tədqiqatla, qəhvənin təzyiqə təsiri ilə bağlı maraqlı bir nəticə əldə edilmişdi. Nizamlı olaraq gündə 4-5 fincan qəhvə içənlər üzərində aparılan araşdırmalarda qan təzyiqinin sürətlə yüksəlməsi müşahidə edilib. Qəhvə, xora kimi mədə problemlərinə səbəb olmasa da, xora olan mədəyə əks-təsir göstərir, yaranın dərinləşməsinə səbəb olur. Qəhvə, mədənin daha çox turşu ifraz etməsinə təkan verir.

Maraqlıdır ki, qəhvə şəkərli diabet xəstələri üzərində fərqli nəticələr də göstərir. Amerikada aparılan araşdırmalarda, yemək vaxtlarında yüksələn qan şəkərinə rəğmən bir fincan qəhvə içən şəkərli diabet xəstələri orqanizmlərinə ciddi zərər vururlar. Bir çox ekspert qəhvənin bədəndə maye itkisinə səbəb olduğunu iddia edir, bir qisim ekspert isə bunun yalnız iddia olduğu qənaətindədir.

Bəs əslində qəhvə insan orqanizminə necə təsir edir? Bunu araşdırarkən əldə etdiyimiz məlumatlara görə, qəhvə böyrək daşının yaranma riskini azaldır. Hər gün 3 fincan qəhvə qəbul edən insanlarda qəbul etməyənlərə nisbətən bəzi ağır xəstəliklərin nəticəsi olan ölüm riski təxminən 10 faiz azaldığını iddia edənlər də amerikalı alimlərdir. Dünyanın ən böyük xərçəng araşdırma mərkəzlərindən biri hesab edilən Amerikanın Milli Xərçəng Təşkilatının araşdırmasına bir il ərzində 400 min insan könüllü olaraq qoşulub. Araşdırma 50-71 yaş aralığında olan insanlar arasında aparılıb.

Araşdırmanın aparılmasında könüllü olan insanların yarısı bir il müddətində hər gün 3 fincan qəhvə içməyi öhdəlik götürüblər. Digər könüllülər isə bu müddət ərzində gündə bir fincan qəhvə qəbul ediblər. Nəticələri "New England Journal of Medicine" jurnalında nəşr olunan araşdırmaya görə gündə üç fincan normal ya da kafesinsiz qəhvə içən insanların ürək-damar, tənəffüs, şəkər xəstəlikləri, infarkt riskinin gündə bir fincan qəhvə içənlərə görə daha azdır.

Maraqlıdır ki, qəhvənin birmənalı olaraq orqanizmə xeyir olduğunu deyən amerikalı mütəxəssilərdən fərqli olaraq rusiyalı ekspertlər qəhvənin zərərləri barədə iddialıdır. Rus ekspertlər ifrat qəhvə qəbulunun mədədə turşu ifrazatını artırdığını deyirlər. Mədəsində problemləri olan insanların gündə 2 fincandan artıq qəhvə içməsini tədrici intihar kimi qiymətləndirən mütəxəssislər həddən artıq qəhvə qəbulunun ürəyin döyünmə ritminə mənfi təsir göstərdiyini də deyirlər.

Rus mütəxəssislər həmçinin deyir ki, yemək yedikdən dərhal sonra qəhvə, xüsusilə şəkərli qəhvə içmək doğru deyil. Bunu yemək yeyən kimi qanda şəkərin miqdarı artması və bu zaman şəkərli qəhvənin qəbulunun bu prosesi daha da sürətlənməsi ilə izah edirlər. Yeməkdən sonra şəkərli qəhvə qəbul etməyi adət halına gətirmiş insanlarda şəkər xəstəliyinin yaranması da istisna edilmir.

Ona görə də, bir çox ölkələrdə həkimlər şəkər xəstələrinə qəhvənin fərdi təyin edilmiş qaydada qəbuluna icazə verirlər. Təsadüfü deyil ki, bir neçə il öncə Türkiyədə vərdiş etdikləri üçün gündə 4-5 fincan qəhvə qəbul edən insanlar üzərində aparılan araşdırmaların nəticəsində məlum oldu ki, yüksək miqdarda qəhvə qəbulu təzyiqin anidən yüksəlməsinə də səbəb olur.

Qeyd edək ki, qəhvənin ən böyük xeyri orqanizmin maddələr mübadiləsini sürətləndirməsidir. Dövrümüzdə şəkərsiz qəhvəni həm arıqlamaq üçün, həm də qan təzyiqini normallaşdırmaq üçün içənlər çoxdur. Qəhvə aşağı təzyiqi olan insanlara kömək ola bilər, çünki qan təzyiqini normada saxlayır. Gün ərzində 1-2 fincandan çox qəbul edilməsi isə əksinə, orqanizmə zərər verə bilər. Qəhvə qatqısız olmalıdır. Tərkibində quru süd olan qəhvələr çəki artımına səbəb ola bilər.

Azərbaycanda indiyədək qəhvənin xeyri və ya zərəri barədə heç bir araşdırılma aparılmayıb. Bu mövzu ilə bağlı bir neçə tanınmış tibb aliminə müraciət etsək də çoxusundan konkret cavab ala bilmədik. Elə bu səbəbdəndir ki, yerli mətbuatda bu mövzuda yazılan bütün yazılar yalnız xarici araşdırmaların nəticələri əsasında hazırlanır.

İtaliya alimlərinin silsilə araşdırmaları maraqlı nəticələr təqdim edib. Məlum olub ki, qəhvə qanda xolesterolu salır, ağrıkəsicilərin təsirini 40% artırır, xərçəng riskini azaldır, gündə 3 fincan qəhvə astma təhlükəsini minimuma endirir, nəfəsi təravətləndirir, sümükləri gücləndirir. Bir şərtlə ki bu təmiz, saf qəhvə olsun. Amma yaşlıların çox qəhvə istehlak etməməsini məsləhət görən italiyalı alimlər bildirir ki, qəhvənin normal dozada qəbulu insanı parkinson (mərkəzi sinir sistemində dofamin neyronlarının dağılıb məhv olması) xəstəliyindən qoruyur. Qəhvə selülit kimi dəri problemlərini də aradan qaldırır, həm içmək, həm də qəhvə dəmi ilə masaj etmək sellülitlərdən xilas edir. Qəhvə yüksək təzyiqin yaranmasına mane olur, pankreas (mədəaltı vəzi) xərçənginin yaranma riskini azaldır, miqren ağrılarına kömək edir.

Bunlardan əlavə, qəhvənin ürək, qan-damar xəstəliklərinin böyük nisbətdə aradan qaldırdığı iddia edilir, bildirilir ki, bağırsaqların normal fəaliyyətini təmin edən qəhvə həmçinin depressiyaya qarşı yaxşı mübarizə vasitəsidir. Müntəzəm olaraq gündə 1 fincan qəhvə içənlərin qaraciyər xəstəliklərindən daha az əziyyət çəkdiyi isə artıq çoxdan sübut edilib. Qəhvə bundan əlavə diqqətin cəmlənməsinə kömək edir, onu qəbul edənin özünü daha gümrah hiss etməsinə vasitəçilik edir.

Qeyd etmək laızmdır ki, yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidantlar var və bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına ciddi nisbətdə mane olur. İmmuniteti gücləndirməklə bərabər qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi keyidici və ağrını azaldan maddələr də var. Məlumat üçün qeyd edək ki, qəhvə ağacı bol yağışlı, orta temperatur 18-24 dərəcə olan, buzlaşma olmayan iqlimdə yetişir. Soyuqda ağac ölür, çox isti hava da qəhvə ağacına zərər verir. Bu ağac yağışı sevdiyi üçün mütamadi yağış olan iqlimlərdə becərilir. Yasəmənə bənzəyən çiçəyi yaşıl meyvə verir, ağac ildə bir neçə dəfə bar gətirir.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə