Tallinn şəhərində 42-ci Beynəlxalq Konqres keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən Avropa Kliniki Toksikoloqlar və Toksikoloji Mərkəzlər Assosiasiyasının (EAPCCT) 42-ci Beynəlxalq Konqresində iştirak edib. SİA xəbər verir ki, dünyanın 50-dən çox ölkəsindən 500-dən çox əyani iştirakçısı olan irimiqyaslı beynəlxalq tədbirin ilk günündə indiki dövr üçün aktual olan Kliniki, Tibbi, Peşə və Profilaktik Toksikologiyaya aid məsələlər plenar və satellit sessiyalarda müzakirə olunub.

COVID-19 qlobal pandemiyasının kəskin zəhərlənmələr epidemiologiyasına təsiri, narkotik və psixotrop maddələrlə zəhərlənmələrin diaqnostikasına və müalicəsinə müasir yanaşmalar, kəskin kimyəvi mənşəli intoksikasiyalar zamanı daxili üzvlərin zədələnməsinin terapiyası, aktiv detoksikasiyanın və antidot vasitələrin yeni növlərinin tətbiqi, sui-qəsd xarakterli zəhərlənmələrin qarşısının alınması, peşə intoksikasiyalarının profilaktikası, dərmanların xoşagəlməz effektlərinə nəzarət və bir sıra digər aktual məsələlər bu sahələr üzrə dünyanın və Avropanın aparıcı mütəxəssislərinin iştirakı ilə işıqlandırılıb və müzakirə edilib.

Dosent İsmayıl Əfəndiyev COVID-19 pandemiyasının Azərbaycanda toksiko-epidemioloji strukturda dəyişikliklərə və metil spirtlə zəhərlənmələrə təsiri barədə geniş məruzə edib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb.

Beynəlxalq Konqres öz işini may ayının 27-nə qədər davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...