Azərbaycan səhiyyə naziri Ankarada azərbaycanlı həkimlərlə görüşüb

Azərbaycan səhiyyə naziri Teymur Musayev rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyədə rəsmi səfəri çərçivəsində Ankarada azərbaycanlı həkimlərlə görüşüb. Azərbaycanın Ankaradakı Səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan görüş səmərəli müzakirələr və faydalı fikir mübadiləsi ilə keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 17-də Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən görüşdə əvvəlcə naziri Teymur Musayev və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun çıxışları dinlənilib.

Səfir Rəşad Məmmədov çıxışında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin ümumi fəaliyyətləri, eləcə də həm məlum pandemiya dövründə, həm də 44 günlük vətən müharibəsində göstərdikləri vətənpərvərlik yüksək dəyərləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səhiyyə sahəsində aparılan böyük islahatlardan danışan nazir Teymur Musayev bildirib ki, vaxtilə vətəndaşlarımızın xaricdə tibb təhsili əlçatmaz olduğu halda hazırda bu proses bir neçə istiqamətdən yüksək səviyyədə aparılır. Xarici ölkələrdə tibb sahəsində təhsil alıb işləmək üçün ölkəmizə qayıdan məzunların sayı artdıqca səhiyyə sahəsində xidmət səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərir.

Azərbaycanda qurulan yeni səhiyyə müəssisələri, tətbiq olunan müasir avadanlıqlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Fərid Qasımzadə təqdimat əsasında rəhbərlik etdiyi qurumun işi ilə Azərbaycan nümayəndə heyətini tanış edib.

Sonra nazir Teymur Musayev, nazir müavinləri İlqar Qasımov və Rasim İsmayılov, səfir Rəşad Məmmədov həkim soydaşlarımızı maraqlandıran sualları cavablandırıb, onların qayğılarını dinləyiblər.

Azərbaycanda səhiyyənin dinamik inkişafından məmnunluqlarını ifadə edən həkimlər ölkəmizə və xalqımıza xidmət üçün hər zaman hazır olduqlarını ifadə ediblər.

Nazir Teymur Musayevin rəhbərlik etdiyi heyətinin Türkiyəyə səfər mayın 18-də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə