Mərkəzi Gömrük Hospitalında “Tibb Bacılarının I Respublika Forumu” keçirilib

Mərkəzi Gömrük Hospitalında “12 may Beynəlxalq Tibb Bacısı Günü”nə həsr edilmiş “Tibb Bacılarının I Respublika Forumu” həyata keçirilib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Türkiyənin Florence Nightingale Xəstəxanalar qrupu və “Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə həyata keçirilmiş Forum Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Açılış nitqi ilə çıxış edərək Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov səhiyyə sahəsində həkimlərlə yanaşı, onların ən yaxın silahdaşı olan tibb bacılarının və digər orta tibb personalının fəaliyyəti və zəhmətinin danılmaz olduğunu vurğulayıb. O, deyib: ”Bildiyiniz kimi, qlobal səhiyyə tendensiyalarına uyğun olaraq bu gün Azərbaycanda da tibb bacısı ixtisasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Deyərdim ki, ölkəmizdə bu sahə həm tədris, həm də praktiki bacarıqlar baxımından öz inkişaf dövrünü yaşamaqdadır. Bu gün Respublikamızda baza tibb bacısı təhsili ilə yanaşı, ali «tibb bacısı işi» ixtisasının yaradılması, tibb bacılarının nəzəri və praktiki bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin həyata keçirilməsi, bu sahədə qurumlararası əməkdaşlığın gücləndirilməsi çox vacib əhəmiyyət kəsb edir.”

Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, Rəşad Mahmudov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, əməkdar müəllim Dilarə Məmmədəliyeva və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun Tibb bacısı xidmətlərinin təşkili şöbəsinin müdiri Hülya Şahin Uyan da çıxış edib. Çıxış edən spikerlər tibb bacılarının inkişafına istiqamətlənmiş tədbirin bu sahə ilə əlaqəli yerli və beynəlxalq statuslu aidiyyatı qurumları bir platforma ətrafında birləşdirdiyini qeyd edərək mövcud ənənənin Mərkəzi Gömrük Hospitalı tərəfindən başladılmasını yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...