"Yeganə çıxış yolumuz olan vaksinləşmə prosesi sürətləndirilməlidir" - KOMİTƏ ÜZVÜ XƏBƏRDARLIQ ETDİ
“Son bir həftədə gün ərzində yoluxanların sayında artım müşahidə olunurdu. Amma son 2-3 günün statistikasına baxsaq, gün ərzində yoluxanların sayında əvvəlki günlərə nisbətən azalma müşahidə olunur. İkinci müsbət addım ondan ibarətdir ki, gün ərzində sağalanların sayı yoluxanların sayını üstələyib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, çox əfsuslar olsun ki, hələ də gün ərzində həyatını itirən insanların sayı çoxluq təşkil edir: “Amma dünənki statistik məlumata görə, koronavirusdan ölənlərin sayında da azalma müşahidə olunur. Hər halda yenə də bu rəqəm yüksəkdir. Yoluxma sayının çox olması yumşalmalara gedilməsi ilə əlaqədardır. Eləcə də payız fəsli olduğuna görə havaların soyuması resperatur xəstəliklərin artmasına səbəb olur. Bu da yoluxanların sayının artmasına səbəb olur. Son 2-3 gün ərzində azalmaya doğru gedilsə də, bundan arxayınlaşmaq olmaz. İnsanlar yenə də Operativ Qərargahın tövsiyyələrinə riayət etməlidirlər, qapalı məkanlarda maska taxmalıdırlar, eləcə də gigiyenik qaydalara riayət etməlidirlər və ən əsası isə bu gün bizim yeganə çıxış yolumuz olan vaksinləşmə prosesini sürətləndirməlidirlər”.
Kamilə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, artıq bildiyimiz kimi üçüncü doza yəni buster dozadan istifadə olunur: “Bu daha gücləndirici dozadır. Yəni iki qəbul edən insanlar üçüncü dozanı da qəbul etsələr, bu daha da xəstəlikdən qorunma ehtimalını da artırmış olur. Hal-hazırda yeganə çıxış yolumuz vaksinləşmədir. Düzdür respublikada insanların 50%-dən çoxu ikinci doza vaksin olub. Amma yenə də təbliğat işləri gücləndirilməlidir, insanlar maarifləndirilməlidir. Çünki biz gün ərzində həyatını itirən insanların statistikasına baxanda görürük ki, həyatını itirən insanların yüksək faizi vaksin olunmayan insanlardır. Bu gün xəstəxanalarda reanimasiyaya düşən insanlar, süni aparata qoşulan insanların əksəriyyəti vaksin olunmayan insanlardır. İnsanlar vaksin olunandan sonra koronavirusa yoluxsa belə onu çox yüngül və simptomatik əlamətlərlə keçirtmiş olurlar. Bu gün bizim vaksindən istifadə etməyimiz cəmiyyətin samlamlığı üçün mühüm bir addım olar”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə