6 saylı şəhər poliklinikası peyvəndləmə prosesini uğurla davam etdirir
Bakı şəhəri 6 saylı şəhər poliklinikasında son aylar həkimlər üzərinə düşən vəzifələri vicdanla yerinə yetirirlər. İlk öncə, qeyd etmək lazımdır ki, poliklinikada yaradılmış şərait xəstələrin ürəyincədir. Poliklinikanın həyəti tər-təmiz, xəstələrin istirahəti üçün salınmış yaşıl park göz oxşayır, insanlara ruhi qida verir.
Bəllidir ki, son illər respublikamızda da geniş yayılmış koronavirusun qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi ilə peyvəndləmə kampaniyası keçirilir. Ərazidə yaşayan sakinlər peyvənd vurdurmaq üçün üz tutur bu poliklinikaya. Ərazidə yaşayan sakin kimi mən də ailəmlə birgə poliklinikaya gedib vaksin vurdurduq. Önəmlisi odur ki, poliklinikada qaydalara ciddi əməl olunur. Vaksin vurduran vətəndaşlar növbə ilə peyvənd olunur və oradan xoş təəssüratla ayrılırlar.
Baş həkimi Hikmət Həsənov poliklinikada vətəndaşlara xidməti çox gözəl təşkil edib, vaksin vurduranlar arasında narazılıq edən bir nəfər də olsun müşahidə etmədik.
Ailəmlə birlikdə nömrə götürüb vaksin vurdurduq. Jurnalist marağım məni həkimlərlə dialoqa sövq etdi. Endokrinoloq həkim Elnaz Seyidova poliklinikada yaradılan nizam-intizamdan söz açdı. Qeyd etdi ki, həkimlərimiz poliklinikaya gələn xəstələri gülərüzlə qarşılayır və yola salır. Bu işləri təşkil edən də poliklinikanın baş həkimi Hikmət Həsənovdur.
Qeyd edək ki, Elnaz Seyidova ilə uzun müddətdir ki, tanışıq. Şəkər xəstəliyimlə əlaqədar onunla daim əlaqə saxlayıram və yazdığı müalicələrin yüksək effektini görürəm.
Poliklinikada savadlı həkimlərimiz az deyil. Baş həkimin müavini Gülmirə xanım həmişə bura gələn xəstələrə qayğı ilə yanaşır, ona müraciət edən hər bir xəstənin qulluğunda durur.
Məlumat üçün bildirək ki, poliklinikanın daxili görünüşü, kabinetlər, səliqə-səhmanlıdır. Çünki 6 saylı şəhər poliklinikası dövlətimiz tərəfindən əsaslı təmir olunub, buna görə dövlətimizə, aidiyyəti qurumlara xüsusi təşəkkürümüzü bildiririk.
Çox istərdim ki, bütün vətəndaşlar koronavirusa qarşı vaksin vurdursunlar. Belə olarsa, xəstəliyin kökü kəsilər və biz bu xəstəliyə qalib gələrik.
Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB