COVİD-19 bəlasından qorunmaq üçün ən vacib üsul - VAKSİNASİYADIR

Bir ildən çoxdur ki, dünyada COVID-19 adlanan pandemiya tüğyan etməkdədir. Xəstəlik o qədər qəfildən peyda oldu ki, bu, Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri, infeksionistlər arasında da çaşqınlıq yaratdı. O, tamamilə yenidir və yeni olduğuna görə də dəqiq və effektli müalicəsi hələ ki, yoxdur. Dünya mütəxəssisləri sinaq üsulu ilə, yoxlamaqla, məlum dava-dərmanlarla müalicə aparmağı tövsiyə etməyə məcbur qaldılar.

Səhiyyə mütəxəssislərinin qənaətinə görə dünyanın pandemiyadan yeganə xilas yolu vaksinləşmədən keçir. Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.

Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.

Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.

Tarixə də nəzər salsaq yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25 30% i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib.

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib.

Həqiqətən də vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Uşaqlarımızın gələcəyi üçün hər birimizin vaksin olunması vacibdir. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısını birlikdə ala bilərik. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur.

Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Sağlam və firavan gələcək öz əlimizdədir. Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70 80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu.

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə