"Bu, bizim sınaqdan üzü ağ çıxmağımıza səbəb olur" - KOMİTƏ ÜZVÜNDƏN AÇIQLAMA

“İlk növbədə bu gün tibb işçilərini peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Onların hər birinə can sağlığı, xoşbəxt həyat, çətin, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıram”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ilk olaraq onu qeyd edim ki, bu gün dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də insanların sağlamlığıdır: “Xüsusilə də Azərbaycanda səhiyyə sisteminə, insanların sağlam həyat tərzi keçirməsinə dövlət tərəfindən xüsusi qayğı və yanaşma var. Bu istər cənab Prezident İlham Əliyev, istərsə də birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təşkil edilir. Bu gün Azərbaycanda səhiyyə sistemi yüksək səviyyədə inkişaf edir. Nəinki paytaxt Bakıda, eləcə də bölgələrimizdə müxtəlif xəstəxanalar və poliklinikalar tikilərək, insanların istifadəsinə verilir”.

Deputat sözlərinə belə davam edib: “Bu gün ölkəmizdəki xəstəxanalar ən yüksək texnologiyalarla təmin olunub. Əgər əvvəllər insanlar sağalmaq üçün Bakıya üz tuturdularsa, indi bölgələrimizdə yüksək səviyyəli tibb ocaqları fəailiyyət göstərdiyi üçün bunu etmirlər. Və yaxud da insanlar müalicə üçün qonşu ölkələrə üz tuturdularsa, indi bu hallar baş vermir”.

“Bu gün Azərbaycanda nəinki tibb məntəqələri, həmçinin tibb personalı da yüksək səviyyədədir. Xüsusilə, gənclər arasında bilikli həkimlər üstünlük təşkil edir. Bu gün biz fəxrlə deyə bilərik ki, bir sıra unikal əməliyyatlar məhz Azərbaycanda həyata keçirilir. Mən deyərdim ki, hətta bizim həkimlərimiz ilklərə imza atıblar. Bunlar çox qürurverici faktlardır. Təbii ki, bütün bunlar üçün biz dövlətimizə, dövlət başçımıza və birinci viste-prezidentimizə öz təşəkkürümüzü bildiməliyik”.

“Həkimlərin fəaliyyətinə gəldikdə isə, onların fədakarlığı son il yarımda, yəni pandemiya şəraitində göz qabağında olub. Onlar öz həyatlarını təhlükə altına ataraq, ailəsindən, evindən, övladından təcrid olunaraq məhz koronavirusa tutulan xəstələrin müalicəsi ilə məşğul olublar. ÜST də Azərbaycanda aparılan tədbirləri örnək kimi göstərdi. Səhiyyəmizin inkişafı pandemiya şəraitində daha qabarıq nəzərə çarpdı. Pandemiya elan olunan ilk gündən qabaqlayıcı tədbirlərin görülməsi, yeni klinikanın açılması, modul tipli xəstəxanaların istifadəyə verilməsi bu gün bizim sınaqdan üzü ağ çıxmağımıza səbəb olur. Bütün bunlar hamısı çox sevindirici haldır. Həkimlərin fədakarlığı isə xüsusi qeyd olunmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə