"Prezident bu cür ədalətsiz bölgüyə təpki göstərməyə çağırdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident bu cür ədalətsiz bölgüyə təpki göstərməyə çağırdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezidentin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında fəxri qonaq statusunda iştirak və çıxış etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq səviyyədə əhəmiyyətli rolunun nümayişidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, cənab Prezidentin çıxışında vurğuladığı məsələlər də aktual və dünya birliyinin diqqətini çəkən məsələlərdir: "Cənab Prezident öz çıxışında ölkəmizin koronavirus pandemiyası ilə mübarizədə görülən işlər və əldə edilən uğurlu nəticələr barəsində sessiya iştirakçılarına ətraflı məlumat verdi və vaksinasiya prosesinin uğurla davam etdiyini vurğuladı. Eyni zamanda cənab Prezident pandemiya ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq səviyyədə əməkdaşlığını da xoş nümunə kimi qeyd etdi".

Deputat həmçinin qeyd etdi ki, cənab Prezident Azərbaycanın yoxsul ölkələrə dəstək məqsədi ilə Ümumdünya Səhiyyə təşkilatına 10 milyon dollar məbləğində ianə verməsini və 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərdiyini söyləyərək respublikamızın humanist mövqeyini bir daha bildirib: "Qoşulmama Hərakatına sədrlik edən dövlət kimi Azərbaycanın beynəlxalq səviyyədə ədalətli mövqeyini bir daha nümayiş etdirərək, cənab Prezident İlham Əliyevin zəngin dövlətlərin öz ehtiyaclarından dəfələrlə artıq vaksin sifariş və tədarük etmək siyasətini növbəti dəfə kəskin pisləyərək bunu "vaksin millətçiliyi" adlandırdı. Bununla bərabər dünya dövlətlərini bir daha bu cür ədalətsiz bölgüyə təpki göstərməyə çağırdı".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə