“Pandemiya cütlüklərin münasibətinə təsir edib” - TÜRKİYƏLİ PSİXOLOQ AÇIQLADI

“Dünyanı cənginə alan və hələ də davam edən koronavirus insan həyatında bir çox vərdişləri dəyişdirib”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında Türkiyəli psixoloq Berat Karaahmetoğlu deyib.

Psixoloq pandemiya dövründə cütlüklərin münasibətlərinə diqqət çəkib.

O bildirib ki, uzun müddət eyni evdə qalan cütlüklər bir-birlərinin qüsurlarını daha tez görməyə başlayıb və münaqişələri artıb: “Aydınlaşmayan problemlər boşanma ilə nəticələnir. Fikrimcə, cütlüklər pandemiyanın bitəcəyini unutmasınlar və məsələlərə daha səbrlə yanaşsınlar. Sevginizi davamlı olaraq həyat yoldaşınıza bildirin. Məsuliyyəti öz üzərinizə götürməyi bacarın. Məsləhət görərdim ki, bu dönəmdə ev heyvanı saxlasınlar”.

Psixoloq Berat Karaahmetoğlu, ailə münaqişələrinin pandemiya ilə artdığını dilə gətirərək cütlüklərə təkliflər verib: “Pandemiya insan həyatında bir çox vərdişləri dəyişdirib. Sevdiyimiz və bizim üçün yaxşı olan işləri bir ildən çoxdur edə bilmirik. Beləliklə, insanlar arasında münaqişlər yaranır. Fərdlərin tolerantlıq səviyyəsi azaldı, uzun müddət evdə qalan cütlüklər bir-birlərinin səhvlərini və qüsurlarını daha tez görməyə başladılar. Beləliklə, müzakirə mədəniyyəti yoxdursa, insanlar problemi həlletmə bacarıqlarından məhrum olurlar. Cütlüklər problemlər davam etdikcə və problemləri həll edə bilmədikləri müddətcə boşanmağa üstünlük verirlər”.

Cütlüklərə bir-birlərini günahlandırmamağı tövsiyə edən Karaahmetoğlu vurğulayıb ki, buradakı günahkarlar nə uzun müddət eyni evdə qalan cütlüklərdir, nə də buna səbəb pandemiyadır: “Problemlerin əsas səbəbi koronavirusla gələn məhdudiyyətlərin insanların psixologiyasına mənfi təsir etməsidir. Məhdudlaşdırma ilə gələn bəzi mənfi nəticələr insanın əhval-ruhiyyəsini pozdu, bu da bütün insanların mühitində əks olundu. Unutmaq olmaz ki, pandemiya olmasaydı, boşanma da olmazdı".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə