Koronavirusun üçüncü dalğası bitdi NAZİR XƏBƏRDARLIQ ETDİ

"Ukrayna əvvəlkilərdən də daha çox insan həyatının itiririlməsinə səbəb olan üçüncü koronavirus dalğasından çıxıb amma vətəndaşların indi rahatlaşmasına dəyməz". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın səhiyyə naziri Maksim Stepanov öz "facebook" səhifəsində bəyan edib.
Qeyd edək ki, Stepanov 13 aprel tarixində Ukraynanın üçüncü koronavirus dalğasının zirvəsinə çatdığını söyləmişdi. Daha sonra 20 aprel tarixində Ukraynanın üçüncü xəstəlik dalğasının zirvəsini də keçdiyini bəyan etmişdi.

"Nəhayət, pandemiyanın üçüncü dalğasından çıxdığımızı deyə bilərəm. Son 2 ay çox çətin keçdi. Vəziyyəti necə nəzarətdə saxladığımızı yalnız biz və Tanrı bilir. Hər bir həyat üçün mübarizə aparmışıq. Bunun üçün həkimlərimizə böyük hörmət və minnətdarlığımızı bildiririk", deyə Stepanov öz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, üçüncü koronavirus dalğası ilk ikisi ilə müqayisədə daha çox insan həyatına son qoyub.

"Biz bunun öhdəsindən gəldik. COVID-19-un növbəti dalğasını keçdik amma hələ də virusdan qurtulmadıq. Buna görə də, rahatlanmaq yox, həftə sonları epidemiyaya qarşı qaydalara riayət etməyə davam etmək çox vacibdir. Mən özüm də tətilləri, piknikləri, təbiət qoynunda dostlar və qohumlarla istirahəti sevirəm, ancaq heç bir istirahət sağlamlıqla müqayisə oluna bilməz. Ona görə özünüzə diqqət yetirin, çünki virus sadəcə maskanın çıxarılmasını gözləyir", deyə nazir öz hesabında qeyd edib.

Xatırladaq ki, Ukraynada müəyyən bölgələrdə karantin məhdudiyyətlərinin yaradılmasını təmin edən "adaptiv karantin" modeli mövcuddur. Ölkədə, "yaşıl", "sarı", "narıncı" və "qırmızı" olmaqla, dörd epidemioloji təhlükə zonası tətbiq edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə