“Antibiotiklərdən necə düzgün istifadə edilməlidir?”

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Nərgiz Kərimova sualı cavablandırıb
“Antibiotiklərdən necə düzgün istifadə edilməlidir?”

Antibiotiklər haqqında son vaxtlar çox danışılır. Belə ki, bütün dünyada və eləcə də ölkəmizdə COVID-19 pandemiyası başladığı vaxtdan, bu xəstəliyin fəsadlarına qarşı mübarizədə antibiotiklərdən istifadə gündəmə gəlib. Bir çox insan antibiotiklərin virusa təsir etmədiyini nəzərə almayaraq, həkimə müraciət etmədən, həkim təyin etmədən, heç bir fəsadları düşünmədən onlardan COVID-19 xəstəliyinə qarşı bolluca istifadə edirlər. Mən bu gün sizlərə antibiotiklərdən düzgün istifadə haqqında söhbət açmaq istəyirəm.

Antibiotiklər mikroorqanizmlərlə – bakterial infeksiyaların törədiciləri ilə mübarizə üçün yaradılmışdır. Onlar mikroorqanizmlərin strukturuna dağıdıcı təsir edir və çoxalmasına mane olurlar. Amma bakteriyaların heç də hamısı sürətlə məhv olmur. Bəzi dərmanlar effektsiz, hətta təhlükəli ola bilər. Müalicə yaxşı təsir etsin deyə, antibiotiklərə müraciət zamanı müəyyən qaydalara riayət etmək lazımdır:

- Antibiotikləri yalnız həkimin təyinatı üzrə qəbul edin;

- Antibiotiklər təyin olunarkən mütləq həkimin yazdığı dozada və yazdığı müddətdə qəbul edin;

- Dostlarınızın və tanışlarınızın məsləhəti ilə antibiotiklərlə özünümüalicəyə başlamayın;

- Həkiminizin sizə yazdığı antibiotikləri dostlarınıza və tanışlarınıza tövsiyə etməyin;

- Evinizdəki dərman qutusunda antibiotikləri “lazım olar” deyə, saxlamayın.

Antibiotiklər uzun müddət saxlandıqda effekti sıfıra yaxınlaşır. Ayrı-ayrı mikroorqanizmlər antibiotiklərin təsirinə fərqli reaksiya verir: bəziləri çox həssas, bəziləri şərti-dayanıqlı, digərləri isə dayanıqlı ola bilir. Həssas mikroorqanizmlər həkimin təyin etdiyi dozada antibakterial dərmanların təsiri ilə məhv olur. Şərti-dayanıqlı reaksiya zamanı antibiotiklərin dozasını artırmaq lazım gəlir. Dayanıqlı patogen mikroorqanizmlərin məhvi üçün yüksək dozada antibiotik təyin edilsə də, onlar məhv edilmir.

Mikrofloranın antibiotiklərə həssaslığı fərdidir: bəzi insanlarda bakteriyalar eyni antibiotiklərə fərqli reaksiya verir. Ona görə də orta statistik mənzərə əsasında antibiotiklərin təyin edilməsi heç də həmişə arzuolunan müalicəvi effekti vermir. Eyni zamnda, hər hansı antibiotik əlavə mənfi təsirlərə malik olan ciddi müalicə vasitəsidir.

Həkim antibiotikləri təyin edərkən əmin olmalıdır ki, bu və ya digər antibiotik həqiqətən xəstə üçün effektiv olacaq və infeksiyanın öhdəsindən gələcək. Buna görə də, xəstələrin mikroflorasının antibiotiklərə həssaslığının yoxlanılması çox vacibdir. Bir həkim kimi məsləhət görürəm ki, heç vaxt antibiotiklərdən özbaşına istifadə etməyəsiniz. Düzgün müalicə alın ki, sağlam olasınız.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə