Rezident Hacı Rəsulzadə: “Mərkəzi Gömrük Hospitalı biz rezidentlər üçün əsl təcrübə bazasıdır"

Azərbaycan Tibb Universitetinin rezidenturada təhsil alan rezident-həkimləri Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimlərinin yanında rezidentura təhsili alaraq praktiki biliklərə yiyələnirlər. İkinci kurs rezident-həkim Hacı Rəsulzadə kuratoru –Orqan transplantasiyası və cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazıminin rəhbərliyi altında kiçik və orta həcmli cərrahi əməliyyatlarla yanaşı qaraciyər və böyrək transplantasiyası kimi irihəcmli əməliyyatlarda fəal iştirak edib.

2020-ci ilin iyun ayından Mərkəzi Gömrük Hospitalının pandemiya xəstəxanası kimi fəaliyyətə başladığı gündən rezident-həkim Hacı Rəsulzadə COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olur. O, Təcili tibbi yardım şöbəsində və Stasionarda koronavirus xəstələrinin müalicəsində yaxından iştirak edir. Hacı Rəsulzadə 1996-cı ildə Cəlilabad rayonunda anadan olub.

2013-cü ildə Cəlilabad rayon 67 nömrəli tam orta məktəbini bitirərək, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. O, Azərbaycan Tibb Universitetini 2019-ci ildə bitirdikdən sonra rezidentura imtahanlarını verərək, ümumi cərrahiyyə - transplantologiya ixtisası üzrə rezidenturaya qəbul olunub.

Hacı Rəsulzadə rezidentura təhsili barədə deyir: “Rezidenturaya daxil olduğum gün bəlkə də ömrümün ən xoşbəxt günü idi. Çünki hələ uşaqlıqdan cərrah, sonralar isə transplantoloq olmaq arzusunda olmuşam. Transplantologiya haqqında çoxlu ədəbiyyatlar oxumuşdum, elmi fantastikaya çox maraq göstərirdim. Təsəvvürə gətirmək çətindir ki, bir vaxtlar xəyal olan əməliyyatlar indi gerçəkləşib. Mən rezidenturada dəfələrlə qaraciyər və böyrək transplantasiyası əməliyyatlarında iştirak etmişəm.

Yaşamaq üçün yeganə şans olan orqan transplantasiyası mənim üçün indi adi cərrahi əməliyyat kimi görünür. Ümid edirəm ki, bir neçə ildən sonra mən də sərbəst olaraq bu cür əməliyyatlar həyata keçirə biləcəyəm. Bunun üçün Hospitalın rezidentlər üçün yaratdığı şəraitə, rəhbərliyin bizə qarşı diqqət və qayğısına görə, habelə işlədiyim şöbələrdə həkim və tibb heyətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Mərkəzi Gömrük Hospitalı biz rezidentlər üçün əsl təcrübə bazasıdır”.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...