Hazırda bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında birinci yeri tutur. Ürək xəstəliyi riski yaş, cins, xolesterol səviyyəsi, qan təzyiqi, siqaret çəkmək və ya şəkərli diabetin olması kimi bir çox amillərdən asılıdır. İstər ürək xəstəliyiniz varsa, istərsə də onun qarşısını almaq istəyirsinizsə bu risk faktorlarini tanımalısınız.
Ürək xəstəliyi riskinin azaldılmasının sadə və effektiv yolları bunlardır:
- Siqaret cəkməmək.
- Fiziki cəhətdən aktiv olmaq.
- Arterial təzyiqi bilmək və idarə etmək.
- Fiziki aktivlik səviyyənizə uyğun şəkildə liflə zəngin olan, daha az yağlı, xüsusilə doymuş və trans yağları olmayan, az duzlu, çoxlu meyvə və tərəvəz daxil olan qidalardan istifadə etmək.
- Qanda şəkər səviyyəsini idarə etmək.
- Alkoqol istifadəsini məhdudlaşdırmaq.
- Stresi azaltmaq,
Həkiminizin tövsiyələrinə uyğun olaraq arterial təzyiqinizi yoxlayın, qanda xolesterol və şəkərinizi test edin, vaxtaşırı EKQ, EXO KQ müayinələrindən kecin.
Əgər artıq çəkiniz varsa, onu azaltmaq lazımdır. Çalışın qida rasionundan un məmulatlarını çıxarasınız, çörəkdən imtina edə bilmirsinizsə, xəmir yeməklərindən və şirniyyatdan istifadə etməyin. Yağlı süd məhsullarını yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin. Çalışın, gün ərzində az-az, tez-tez qidalanın.
Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin, daha çox balıq yeməkləri və dəniz məhsullarına üstünlük verin. Yeməklərdə duzun həcmini minimuma qədər azaldın. Yeməklərinizə kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Təzə göyərti, xüsusilə ispanaq və cəfəri, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. bu vacib elementlə zəngindir.
Nəhayət, əsəbdən, stresdən uzaq olmağa çalışın, arada istirahət edin, yuxu rejiminə əməl edin. Hazırda pandemiya dövründə yaşayırıq və karantin rejiminin bir çox məhdudiyyətlərinə əməl etməliyik. Dostlarınızla, qohumlarınızla tez-tez görüşə bilmirsiniz, böyük ticarət mərkəzlərinə gedə, səyahətə çıxa bilmirsiniz. Lakin bütün bunlar sizi qıcıqlandırmasın. Özünüzü qoruyun, ilk növbədə isə, ömür boyu 1 dəqiqə belə fasilə vermədən, dincəlmədən işləyən ürəyinizi qoruyun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB