Səhiyyə sistemindəki inkişaf insanların sağlamlığının təminatıdır
"SƏHİYYƏ SİSTEMİNİN MADDİ-TEXNİKİ BAZASININ YARADILMASI, MÜASİRLƏŞDİRİLMƏSİ BAŞLICA VƏZİFƏ İDİ"
Bildiyimiz kimi, son illər sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr dövlətimizin əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların sosial qayğılarla əhatə olunmalarına istiqamətlənib. Səhiyyə sektorunun inkişafı ilə bağlı mühüm islahatların həyata keçirilməsi də sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Bu gün əminliklə demək olar ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Son dövrlərdə çox sayda yeni tibb ocağı inşa edilib, mövcud xəstəxana və tibb mərkəzləri əsaslı şəkildə bərpa olunub. "Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi" deyən Cənab Prezident vurğulayıb ki, "Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir".
Tibb müəssisələri ən müasir tibbi avadanlıq və qurğularla təchiz edilib. Bütün bunlarla yanaşı, tibbi heyətin peşəkarlığının artırılmasına da dövlət səviyyəsində xüsusi diqqət göstərilib. Kifayət qədər səriştəli, savadlı kadr potensialı formalaşıb. Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır. Ölkəmizin bütün regionlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibb xidmət göstərmək üçün həm kadr potensialı, həm də maddi-texniki baza var. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Bu gün təsadüfi deyil ki, ölkəmizdə ən ağır tibbi əməliyyatlar uğurla həyata keçirilir. Bu məsələdə şübhəsiz ki, müasir tibb ocaqlarının yaradılması mühüm yerlərdən birini tutur. Bu işlərin miqyası ildən-ilə daha da genişlənir.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunan Abşeron Rayon Mərkəzi Xəstəxanası dünyanın aparıcı ölkələrinin şirkətlərinin son elmi-texniki yeniliklərə əsaslanaraq hazırladığı tibb avadanlığı və qurğuları quraşdırılıb. Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub. Dövlət başçısının bildirdiyi kimi, "Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi – bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir."
Görülən bütün bu işlərin isə bir məqsədi var ki, Azərbaycan vətəndaşları hərtərəfli tibbi xidmətlə təmin olunsun.
"PANDEMİYA İLƏ MÜBARİZƏDƏ AZƏRBAYCAN İLK GÜNLƏRDƏN QABAQLAYICI TƏDBİRLƏR GÖRƏRƏK, HESAB EDİRƏM Kİ, İSTƏDİYİNƏ NAİL OLDU"
Əlbəttə, əminliklə deyə bilərik ki, son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu işlər hələ də davam etdirilir. Təbii ki, yeni xəstəxanaların açılışı yeni iş yerlərinin də olması deməkdir. "Burada 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi çalışacaq və təbii ki, onların da iş şəraiti müsbətə doğru dəyişir. Əminəm ki, burada göstəriləcək tibbi xidmət vətəndaşların sağlamlığını təmin edəcək, bərpa edəcək" deyən Prezident qeyd edib ki, xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstəxana artıq fəaliyyət göstərir".
Dövlət başçısına ünvanlanan "bu xəstəxananın açılışının məhz pandemiya dövründə edilməsinin də bir xüsusi əhəmiyyəti var. Yəni, qlobal pandemiya bir ildən artıqdır ki, davam edir. İndiyə qədər Azərbaycanda bu virusla mübarizədə görülən işləri necə qiymətəndirirsiniz?" sualını Cənab Prezident belə cavablandırıb: "Bəli, əlbəttə, bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamalı idik. Çünki heç kimin ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu".
"İNDİ BİZDƏ XƏSTƏXANA FONDU TAM İMKAN VERİR Kİ, XƏSTƏLİKLƏ BAĞLI BÜTÜN MƏSƏLƏLƏR HƏLL OLUNSUN"
Ölkəmizdə əhalinin sağlamlığının qorunması Azərbaycan Prezidenti İlham Əliyevin ciddi nəzarəti altındadır. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Yeni Klinika istifadəyə verilib. Bununla bərabər, modul tipli 13 xəstəxana quraşdırıldı. "İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir" deyən dövlət başçısı bildirib ki, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur: "Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək - insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu".
Əlbəttə ki, dövlət başçısı tərəfindən pandemiya ilə mübarizədə sistemli tədbirlərin həyata keçirilməsi öz bəhrəsin verir və müsbət dinamika müşahidə olunur. Ölkəmizdə yoluxma sayının aşağı düşməsi bunu deməyə əsas verir. Belə ki, koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olunur. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını xeyli üstələyib. Təbii ki, vaxtında koronavirus xəstələrin müalicəsi üçün daha çox xəstəxanaların ayrılması, modul tipli xəstəxanaların istifadəyə verilməsi, həkimlərin fədakarlığı bu müsbət dinamikaya səbəb olmuşdu. Bu gün ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarət altındadır. Epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun olaraq da addımlar atılır və ölkəmizdə yumşaldılma tədbirləri həyata keçirilir.
"AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA İLK OLARAQ ARTIQ VAKSİNASİYA İŞLƏRİNƏ START VERDİ"
Bildiyimiz kimi, artıq qabaqcıl, inkişaf etmiş dünya ölkələrində "SOVİD 19" pandemiyasına qarşı vaksinləmə prosesinə başlanılıb. Artıq ölkəmizdə də buna başlanılıb. Cənab Prezident ölkəmizdə vaksinləmə prosesinin başlanılmasına gəlincə görülən işləri müsbət qiymətləndirərək bildirib ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi: "Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik… Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür".
Təbii ki, bu gün səhiyyə sistemində bu inkişaf mövcud olmasaydı, mövcud çətinliklə mübarizədə çətinlik yarana bilərdi. Azərbaycan hər zaman olduğu kimi, bu gün də öz vətəndaşının yanındadır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB