"Tibbi maska çənənin altında saxlamaq üçün deyil" RƏY-ÖZƏL

“Həftəsonu evdə qalmaqla bağlı verilən qərar vaxtında verilən qərardır. Çünki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərar müəyyən nəticələr fonunda qəbul edilib”. Bu fikirləri SİA-ya açıqlamasında Tibb Universitetinin kafedra müdiri, baş epidemioloq İbadulla Ağayev deyib.

O bildirib ki, əhalinin pandemiya ilə bağlı davranışı, rəftarı belə bir qərar qəbul etməyə əsas verib: “Çünki son dövrlərdə iri ticarət mərkəzlərində, marketlərdə, ictimai nəqliyyatda, küçələrdə çoxlu sayda insanı maskasız görmək mümkün idi. Bir çoxları isə tibbi maskanı göstəriş üçün çənəsinin altında saxlayırdı. Həmin şəxslərə üz tutub demək istəyərdim ki, tibbi maska çənənin altında saxlamaq üçün deyil. Həkim olaraq qeyd edirəm ki, infeksiya, virus ağız boşluğu ilə yanaşı burun boşluğu ilə də orqanizmə daxil olur. Bu baxımdan tibbi maska ilə təkcə ağız boşluğunu deyil, burun boşluğunu da tutmaq mütləqdir. Əks halda, tibbi maskanın heç bir xeyri olmayacaq”.

Baş epidemioloq söyləyib ki, karantin rejiminin yumşaldılması ilə bağlı atılan addımlardan sonra vətəndaşlarda özbaşınalıq yarandı: “Yüngülləşmə tədbirləri virusun tamamilə ilə yox olması demək deyildir. Virus təbiətdə dövr edir və yaxın məsafədə olduğumuz zaman infeksiyaya yoluxma ehtimalı daha da artır. İnsanların son dövrlərdə sosial məsafəyə əməl etməməsi vəziyyəti daha da ağırlaşdırdı. Burada bəzi qərəzçilərin fəaliyyətini də qeyd etmək vacibdir. Çünki bəzi şəxslər müxtəlf yalan informasiya və məlumatlarla insanlarda çaşqınlıq yaratdılar”.

Vətəndaşlara müraciət edən İbadulla Ağayev söyləyib ki, hər kəs dövlət tərəfindən pandemiyaya qarşı aparılan tədbirlər, verilən qərarlar, edilən tövsiyələrə əməl etməlidir: “Çünki bundan sonra virusla bağlı nəticələr insanların özlərindən asılıdır. Xəstəliyi özümüzdən kənar etmək bizim əlimizdədir. Hər kəs özünün həkimi olmalı, məsləhətlərə qulaq asmalıdır. Çünki, əhalinin sağlamlığı dövlətimiz üçün ən vacib məqamdır. Biz həkimlər arzu edərdik ki, ölkəmizdə inşa edilən müasir tipli xəstxanalarımız qeyri-yolxucu xəstəliklərin müalicəsində istifadə edilsin”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə