Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloqu Kamran Beydullayev “Həkimlərimizi tanıyın!"

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə xəstə insanı həyata qaytaran həkim, ümumi cərrah, cərrah transplantoloq, m.r.c.s. Dr. Kamran Beydullayevi təqdim edirik.

Dr. Kamran Beydullayev Azərbaycanda ilk dəfə 2020-ci ilin fevral ayında canlıdan-canlıya qaraciyər transplantasiyası zamanı donor əməliyyatını tam laparoskopik üsulla icra edib. Texniki cəhətdən çox çətin və bilik, bacarıq tələb edən bu əməliyyatın Mərkəzi Gömrük Hospitalında icra edilməsi böyük bir nailiyyətdir.

23 illik cərrahlıq təcrübəsi olan Dr. Kamran Beydullayev etdiyi əməliyyatların sırasında qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatlar, yırtıqlar, dəri və yumşaq toxumaların xəstəlikləri zamanı icra edilən cərrahi əməliyyatlar, endokrin vəzi xəstəlikləri əməliyyatları və böyrəküstü vəzi əməliyyatları daxildir. Bütün əməliyyatlar həm açıq, həm də laparoskopik yolla icra edilir.

Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu almışdır. O, 2008 -2009-cu illərdə Türkiyənin İzmir şəhərində Kent Hospitalda orqan transplantasiyası üzrə təlim keçmişdir.

2009-2018-ci illərdə müxtəlif özəl tibb müəssisələrində orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışan Dr. Kamran Beydullayev 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və cərrah transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 15-ə yaxın elmi məqalənin müəllifidir. Dr. Kamran Beydullayev Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kamran-beydullayev. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...