"II Dünya müharibəsi Azərbaycanın tibbi işçiəri üçün böyük sınaq olub" Gəray Gəraybəyli

"İkinci Dünya müharibəsində əsgərlərlə yanaşı, tibb işçiləri də qəhrəmanlıq nümayiş etdiriblər. Faşizm üzərində qələbədən danışarkən, həkimlərin göstərdiyi fədakarlığı unutmaq olmaz". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Müharibə illərində 700 mindən çox azərbaycanlının cəbhəyə yollandığını deyən rektor sğöyləyib ki, onların yarıdan çoxu geri qayıtmayıb.

G. Gəraybəyli qeyd edib ki, müharibə bütün təbəqələrə, o cümlədən tibb işçilərinə də təsir edib: "Müharibə dövrlərində elə bir həlledici döyüş olmayıb ki, orada azərbaycanlı əsgər və həkimlər iştirak etməsin. Məsələn, həkim Qədirov Brest qalasının mühafizəsində, feldşer Kərimov Rostovun müdafiəsində, tibb xidməti mayoru Sadıqov Moskva uğrunda döyüşlərdə, "partizan həkim" adını alan Rüstəmbəyov Smolensk vilayətində döyüşlərdə iştirak edib. Bu siyahını çox uzatmaq olar. Onlar yalnız əsgərlərə tibbi yardım göstərmir, onlar da cəbhədə düyüşürdülər".

O bildirib ki, İkinci Dünya müharibəsi zamanı Azərbaycan sanki arxa cəbhədəki böyük xəstəxana zonasına çevrilmişdi: "Ölkəmizə minlərlə yaralılar gətirilmişdi. İkinci dünya müharibəsi illərində Azərbaycanın səhiyyə orqanları, müəssisələri, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat müəssisələrinin işi yenidən qurulub və hər şey cəbhənin tələbatını ödəməyə yönəldilmişdi. İxtisaslaşdırılmış hospitalların fəaliyyətində yüksək göstəricilərin əldə edilməsində azərbaycanlı alimlərin böyük rolu olub. Onlardan M.Topçubaşov, M.Mirqasımov, İ.Şirokoqorov, Ü.Musabəyova və başqaları xüsusilə fərqləniblər. Həmin dövrdə bu xəstəxanalarda baş cərrah işləyən Mustafa Topçubaşov minlərlə insanın həyatını xilas edib. Bu illərdə Bakıdakı klinikalarda tibbi personala böyük ehtiyac yaranmışdı, çünki mövcud həkimlərin əksər hissəsi cəbhə xəttində idi. Məhz bu dövrdə xəstəxanalarda Azərbaycan Tibb Universitetinin, o dövrdə Azərbaycan Tibb İnstitutu adlandırılan ali məktəbimizin tələbələri müalicə işinə qoşulublar".

Rektor vurğulayıb ki, Tibb İnstitutunun professorları, dosentləri döyüşən orduda, həmçinin hospitallarda baş mütəxəssis kimi işləyiblər: "Ağır müharibə illərində mərkəzi və periferik sinir sisteminin travmatik zədələnmələrində (prof. M.Topçubaşov), döş qəfəsinin zədələnmələrində (prof. F.Əfəndiyev) və digər Azərbaycan alimlərinin təklif etdiyi cərrahi metodlar tətbiq edilib". Azərbaycan Tibb Universitetinin təşəkkül tapıb inkişaf etdirilməsində milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, professor Əziz Əliyevin xüsusi rol oynadığını xatırladan G. Gərəybəyli söyləyib ki, Ə.Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib: "O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və bu vəzifələrdə də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayıb. Həmin medalyon hazırda Azərbaycanın Tarix Muzeyində saxlanılmaqdadır. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib".

Rektor əlavə edib ki, bəşəriyyət tarixində ən böyük savaşlardan olan İkinci Dünya müharibəsi bütün SSRİ xalqları üçün, o cümlədən də Azərbaycanın tibbi işçiəri üçün böyük sınaq olub: "Onların qəhrəmanlığı, döyüş meydanında nümayiş etdirdiyi fədakarlıq layiqincə qiymətləndirilib. Aazərbaycanın 3 hərbi tibb işçisi Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb, yüzlərlə səhiyyə işçisi müxtəlif orden və medallara layiq görülüb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə