Yeni növ koronavirus (COVİD-19) epidemiyası xərçəng xəstələri üçün böyük risk yaradır. Mütəxəssislərin fikrincə, hazırki dönəmdə xərçəng xəstələrinin virusa yoluxmamaq üçün daha çox qorunması əsas şərtlərdən biridir. Belə xəstələrin virusa yoluxduqları zamanı necə müalicə ediləcəyi və onkoloji prosesin davam edib-etməməsi isə həkimlərindən asılıdır. Tibbi onkoloji mütəxəssis Orxan Türken xərçəng xəstələrinin hazırki dönəmdə fikir verəcəyi məqamları və virusa yoluxduqları zamanı atacağı addımları açıqlayıb.
SİA-nın xəbərinə görə, türkiyəli mütəxəssis söyləyib ki, qorunma və təcrid tədbirlərinə əməl edilmədiyi təqdirdə bütün xərçəng xəstələri üçün infeksiyaya tutulma riski çox yüksəkdir.
Onun sözlərinə görə, yaşlı və aktiv xərçəng xəstəliyi ilə yanaşı, yüksək təzyiq, şəkərli diabet, xroniki ağciyər və digər bu kimi xəstəlikləri olan şəxslərin də koronavirusa yoluxması acı nəticələr verə bilər: “Ağciyər xərçəngi və ya tənəffüs problemi infeksiyanın qısa müddət ərzində daha da ağırlaşmasına şərait yaradır. Sümük və digər kök hüceyrə köçürmə əməliyyatları keçirən və ağır müalicə alan insanlarda isə qan dəyərləri aşağı olduğundan onların infeksiyaya qarşı daha həssas olması belə xəstələrin tez bir zamanda COVİD-19-a yoluxması və daha ağır şəkildə keçirməsinə şərait yaradır”.
O bildirib ki, həkim məsləhəti ilə xərçəng xəstəliyindən müalicə olunan, xüsusilə də tənəffüs problemləri olan xəstələr, sətəlcəm və ya qrip infeksiyalarına qarşı peyvənd edilə bilərlər: “Onkoloji müalicələr özünütəcrid tədbirləri zamanı da davam etdirilməlidir. Lakin belə şəraitdə müalicələr xəstələrin xəstəxanaya gəlməsini minimuma endirməklə faydalı şəkildə qurulmalıdır. Hazırki məqamda xərçəng xəstələri xəbərdarlıqlara daha çox riayət etməli, qaydalara ciddi əməl etməlidirlər”.
Orxan Türken qeyd edib ki, mümkün olduğu təqdirdə hazırki dönəmdə kimya və ya radioterapiya kimi müalicə üsulları təxirə salınmalıdır: “ Əgər belə xəstələr koronavirusa yoluxarsa, o zaman kifayət qədər kalorili, zülal, vitamin və minerallarla zəngin qidalanma ilə müalicə üsulu seçmək olar. Gündə 3-5 dəfə tərəvəz və meyvə, həftədə 1-2 dəfə balıq və bol maye istehlak edilməlidir. C və D vitaminləri, selenium və sink kimi elementlər immunitet sistemi üçün faydalıdır. Yuyulmadan və yaxşı bişmədən yeyilən tərəvəz və meyvələr həzm sistemində infeksiya mənbəyi ola bilər. Bu səbəbdən evdən kənarda istehlak edilən qidalar və içkilərdə təmizliyə diqqət yetirilməlidir və yaxşı təmizlənməmiş qidalardan istifadə edilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB