Rezin əlcəklərdən düzgün istifadə edirikmi? MÜTƏXƏSSİS RƏYİ- ÖZƏL

Koronavirus pandemiyasından qorunmaq üçün hər birimizin hazırda ən çox ehtiyacımız olan məhsul tibbi maska, əlcək və spirtdir. Xüsusilə də işə gedərkən və ya alış-veriş edərkən demək olar ki əksəriyyət insanların əlində rezin əlcəklərijn olduğunu görürük. Lakin mütəxəssislər əlcəklərin virusdan qorumadığını, hətta yanlış istifadə zamanı onun virusyayıcı olduğunu bildirirlər. Hətta bəzi həkimlər tibbi əlcəklərdən istifadənin insanda sadəcə arxayınlıq hissi yaratdığını, onlardan yalnız tibbi personalın istifadə etməsinin düzgünlüyünü qeyd edirlər.

Həkim Lamiyə Tağıyeva SİA-ya açıqlamasında bildirib ki, insanlar bütün gün ərzində eyni rezin əlcəklərdən istifadə etməsi düzgün deyil.

Onun sözlərinə görə, yanlış istifadə insanların səhhəti üçün təhlükə yarada bilər: "Çünki rezin əlcəkdən istifadə edən insanlar əllərinin qapalı olduğundan arxayın olduğundan demək olar ki, əl yumur və gün ərzində hər yerə əllərini vururlar. Əlcəklərin rezin olduğunu nəzərə alsaq, həm əllər havasız qalır, həm də virusun daha çox yayılmasına səbəb olur".

Mütəxəssis qeyd edib ki, əgər insanlar rezin əlcəklərdən istifadə edərkən daha rahat olursa, o zaman qaydalara da riayət etməlidirlər: "Əslində tibbi əlcəklərdən istifadə olunmazdan əvvəl əllər eyni qaydada yuyulmalı, tibbi məhlullarla tam təmizlənməli və əllərimiz tam quruduqdan sonra əlcəklər geyinilməlidir. Onların əllərimizdə tam oturduğuna əmin olmalıyıq. İstifadədən sonra onları çıxararkən diqqətli olmalı, əlimizin içinə toxunmamalı, bükülü qaydada qapalı zibil qutusuna atılmalıdır. Eyni əlcəkdən uzun müddət istifadə etmək olmaz. Onları tez-tez yeniləmək məsləhətdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə