"COVİD-19-dan qorunmaq üçün yeganə yol izolyasiya tədbirlərinə ciddi əməl etməkdir" ÇAĞIRIŞ

"Bildiyiniz kimi ölkədəki vəziyyətlə əlaqədar olaraq bir sıra qabaqlayıcı tədbirlər görülür. Bunlardan biri də 65 və daha yuxarı yaşa malik şəxslərin evdən çölə çıxmasına qadağanın qoyulması ilə bağlıdır. Bu əslində həmin insanların bilavasitə xəstə insanlarla təmasda olduğu zaman koronavirusun daha ağır formada keçirilməsinin qarşısının alınması üçün nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bunu TƏBİB-in yolxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, Nazirlər Kabineti yanında Opertiv Qərərgahın üzvü Vasif Əliyev deyib.

O bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq əsas məqsəd insanların biri-biri ilə təmasını lokallaşdırmaq, azaltmaqdır: "Təmas nə qədər az olarsa, bir o qədər də yoluxma halı az olar. Çünki bu epidemiyadır və epidemiya sərhəd tanımır. Xəstəliyi yüngül formada keçirən insanın da digərini yoluxdurma qabiliyyətinə malik olduğunu nəzərə alaraq, biz kimin xəstə olub-olmadığını əlamət olmadan deyə bilmərik. Bəzən heç bir simptomları olmayan insanda da digərini yoluxdura bilər və yoluxdurduğu insanda xəstəlik özünü daha ağır formada göstərə bilər".

V. Əliyev qeyd edib ki, belə halların qarşısının alınması üçün qadağalara əməl etmək lazımdır: "Yaşlı insanlar bəzən buna əməl etməyi istəməyə bilərlər. Lakin evdə olan şəxslərin bu məsələlərə ciddi nəzarət etməsi tövsiyə olunur".

Çində epidemiyanın tam şəkildə yenildiyini deyən Qərargah üzvü söyləyib ki, hazırda orada aktiv xəstə sayı olsa da, yeni yoluxma halı demək olar ki qeydə olunmur: "Lakin yeni ocaqlar Mərkəzi Avropa ölkələrində, eləcə də qonşu İranda vüsət alıb. Xəstəliyə qalib gəlmək üçün yeganə yol sadəcə təmasdan uzaq durmaq və izolyasiya tədbirləridir.

Qurum rəsmisinin fikrincə, bu cür qlobal məsələyə şübhə ilə yanaşmaq ən böyük cahillikdir: "Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Bu məsələdə vətəndaşlarımız həssas olmalı, qoyulan qaydalara əməl etməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə