"Əhali özünü infeksiyadan qorumaq üçün qayda-qanunlara əməl etməlidir” Baş epidemioloq - ÖZƏL

"Ümumiyyətlə, yolxucu xəstəliklərin xüsusi bir qrupu var ki, ona xüsusi təhlükəli xəstəliklər deyilir. Hazırda Azərbaycanda elan olunan karantinə daxil olan COVİD-19 virusu həmin xəstəliklərdən biridir. Ona görə də əhali bilməlidir ki, yolxucu xəstəliklərin hər biri müəyyən vaxt ərzində böyük təhlükə törədə bilər". Bunu SİA-ya açıqlamasında Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.

Koronavirusun Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edildikdən sonra dünyanın ən müasir inkişaf etmiş ölkələrinin də bu qlobal infeksiya ilə mübarizəyə qoşulduğunu deyən mütəxəssis söyləyib ki, Azərbaycanda da epidemiyaya qarşı hələ vaxtından əvvəl yetərincə tədbirlər görülüb və bu gün də davam etdirilir: "Lakin əhali də bilməlidir ki, özünü infeksiyadan qorumaq üçün onlar dövlətimiz tərəfindən qoyulan qayda-qanunlara əməl etməlidirlər".

İ.Ağayev qeyd edib ki, əgər hər bir şəxs verilən tapşırıqlara, qəbul olunan qərarlara riayət edərsə, COVİD-19 infeksiyası müəyyən vaxt ərzində ölkəmizdən xaric olacaq: "Gigiyenik normativlər hər kəsin özündən asılıdır. Doğrudur hazırda koronavirusun qarşısını almaq üçün vaksina olmadığı üçün təhlükə səviyyəsi yüksəkdir. Lakin bizim səhiyyə işçilərinin səyi, eləcə də görülən işlər nəticəsində bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda xəstəliklə bağlı vəziyyət epidemik həddi aşmayıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə