“Tənəffüs infeksiyaları (COVİD-19, vərəm və s.) ilə yoluxma daha çox aerogen, yəni, hava-damcı (xəstə asqırdıqda, öskürdükdə) və hava-toz yolu ilə (məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan), həm də xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər”. Bu barədə SİA-ya ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib.
Həkimin sözlərinə görə, koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə 3 istiqamətdə aparılmalıdır: “Birincisi, infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır”.
Kafedra müdiri söyləyib ki, ikinci tədbirlərə infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlər daxildir: “Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskaların istifadə edilməsi və s. zəruridir. Üçüncü istiqamət isə yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir”.
R.Bayramov qeyd edib ki, tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil: “Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu məsələdə orqanizmin immun statusunun rolu böyükdür”.
Həkim vurğulayıb ki, tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma (xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu), normal gün rejimi (kifayət qədər yuxu), idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB