Dezinfeksiya işləri üçün kimə və necə müraciət etməliyik? AÇIQLAMA-ÖZƏL
“Bu gün ölkəmizdə müəssisələr, məktəblər, əhalinin kütləvi toplaşdığı ərazilərdə dezinfeksiya işləri plana uyğun olaraq davam etdirilir. Ümumi görülən işlərin hesabatı qısa müddətdə ictimaiyyətə təqdim olunacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Özəl müəssisələrdə dezinfeksiya işləri aparılırmı?
O bildirib ki, özəl müəssisələrdə dezinfeksiya ilə bağlı işlərin məsuliyyəti sahibkarlıq subyektlərinin rəhbərlərinin üzərinə düşür: “Sahibkarlıq fəaliyyəti, eləcə də digər qanunverici aktlarında da göstərilir ki, insanların sağlamlığının qorunması vacibdir. Bütün müəssisələrdə dezinfeksiya işləri həyata keçirilməlidir. Lakin əfsuslar olsun ki, bəzi sahibkarlıq subyektləri dezinfeksiya işlərinin aparılmasına təşəbbüs göstərmir. Yalnız hər hansı hadisənin baş verdiyi zaman dezinfeksiya işlərini aparmağa can atırıq. Amma əslində bu işlər il ərzində həyata keçirilməlidir”.
Bunun üçün kimə müraciət etməliyik?
Şöbə müdiri söyləyib ki, özəl müəssisələr dezinfeksiya işləri ilə bağlı ərazi üzrə dezinfeksiya şöbəsi və ya Bakı şəhəri Dezinfeksiya şöbəsinə müraciət etməlidirlər: “Görüləcək işlərlə bağlı müqavilə bağlanılır, Planlı şəkildə təsərrüfat hesabına xidmət göstərilir. Bunun üçün Tarif Şurası tərəfindən təsdiqlənən maliyyə vəsaiti nəzərdə tutulur ki, qanunvericilik aktlarında da bu məsələ öz əksini tapıb”.
Sahibkarlar təşəbbüs göstərirmi?
Z.Kazımov qeyd edib ki, yeni növ koronovirusla bağlı yolxuma təhlükəsi özəl müəssisələrində bu məsələyə diqqət ayırmasına səbəb olub: “Artıq bir sıra özəl şirkət və müəssisələrin dezinfeksiya işləri ilə bağlı xidmətlərə müraciət sayında artım qeydə alınır. Lakin bu daimi olmalıdır. Hamımızın vətəndaş olaraq ilk növbədə borcu sağlamlığımızı qorumaqdır. Dövlət təşkilatlarının da borcu özəl müəssisələrlə müqavilə bağlamaqdır”.
Müqavilə bağlayarkən diqqət edəcəyimiz MƏQAMLAR
O qeyd edib ki, özəl müəssisələr dezinfeksiya işləri ilə bağlı bağlanan müqavilədə yer alan öhdəliklərlə yaxından tanış olmalıdır: “Bağlanan müqavilədə öhdəliklər göstərilir. Ona görə də sahibkarlar ayrı-ayrı maddələrin əks olunduğu müqavilə ilə tanış olmalıdır, yalnız bundan sonra xidmət göstərilir. Onu da qeyd edək ki, dezinfeksiya işləri aparılarkən insanlar həmin ərazidən uzaq tutulmalıdır”.
Yaşayış binalarında vəziyyət necədir?
Qurum rəsmisi vurğulayıb ki, yaşayış binalarında dezinfeksiya işləri ilə bağlı vəziyyət daha fərqlidir: “Çünki, binalar iki qrupa bölünür. Postsovet dövründə tikilən binalar Mənzil İstismar Sahələrinə, onlar da Mənzil Kommunal Təsərrüfat Departamentlərinə tabe olduğundan paytaxtda olan belə binaların dezinfeksiya işləri üçün Bakı şəhər Mənzil Kommunal Departamenti dezinfeksiya şöbələri ilə müqavilələr bağlayır. Özəl sektora aid olan MMC binalarının hər biri sədri olduğu üçün onlar yaxınlıqda olan dezinfeksiya idarələrinə xidmətin göstərilməsi ilə bağlı müraciət edə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB