"Koronavirus 86 faiz insanda yüngül formada keçir" RƏY-ÖZƏL

"Koronavirus 86 faiz insanda yüngül formada keçir" RƏY-ÖZƏL

“Artıq dünyada 112 minə yaxın insan koronavirus infeksiyasına yoluxub. Ölüm nisbəti isə 3800 nəfəri ötüb. Təbii ki burada ilk sırada Çin dayanır. Çünki xəstəlik məhz oradan başlayıb. Daha sonra qonşu ölkələrə, Avropada İtaliyada, qonşumuz olan İranda da yayılmağa başlayıb”. Bu fikirləri SİA-ya açıqlamasında TƏBİB-in Yolxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

İnfeksiyanın artıq bir sıra digər Avropa ölkələrində yayıldığını deyən TƏBİB əməkdaşı söyləyib ki, epidemiya sərhəd tanımır: “Epidemiyanın qarşısını almaqda ən önəmli addım məhz profilaktik tədbirlərdir. Bunun üçün epidemiyanı lokallaşdırmaq lazımdır. Məhz bu məqsədlə də dövlətlər sərhədləri bağlamaqla xəstəliyin çox yayılmasının qarşısını almağa çalışırlar”.

O bildirib ki, virus ilk dəfə Çində yayıldığı dönəmdə Azərbaycanda Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyələrə əsasən Plan hazırlanmışdı: “Həmin Planda hansı tədbirlərin görüləcəyi, atılacaq addımlar öz əksini tapmışdı. Əsas məqsəd xəstəliyin yayılmasının qarşısını almaqdır. Epidemiyanın qarşısını nə qədər alsaq da, yoluxma halı qaçılmazdır. Bu baxımdan əsas məqsəd xəstəliyin yoluxma sayını minimuma endirməkdir. Bunun üçün sərhəd keçid məntəqələrində, hava limanlarında yüksək hərarəti olan vətəndaşları karantinə almağa başladıq. Çünki virusun ilk simptomu budur. İki həftə ərzində əlamətlər ortaya çıxmadıqda həmin şəxslər xəstəxanadan buraxılır. Xəstələri yaxşı kontrol etmək məqsədilə sərhəd keçid məntəqələrinə peşəkar həkimlər göndərildi. Sərhəddən keçən hər bir insan nəzarətdə saxlanılır”.

V. Əliyev qeyd edib ki, hazırda Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb: “Lakin özləri də açıqlayır ki, orada xəstələrdən heç bir analiz götürülmür”.

Qurum rəsmisi qeyd edib ki, bizim cəmiyyətdə koronavirusla bağlı təşviş yaşansa da, lakin statistik rəqəmləri götürdükdə 100 faiz xəstəlikdən əziyyət çəkənlərdən 86 faizində infeksiya yüngül formada keçir: “Hətta onlar ev şəraitində belə müalicə ala bilərlər. Sadəcə 16 faiz insan orta-ağır, 4-5 faiz isə daha ağır formada keçirir ki, həmin şəxslər xəstəxana şəraitində nəzarətdə saxlanılır. Bu xəstələrin əksəriyyətində də sistemli xəstəliklər mövcud olur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə