Xəstənin komaya düşməsində günahkar kimdir - xəstə, yoxsa həkim məsuliyyətsizliyi ŞİKAYƏT

Xəstənin komaya düşməsində günahkar kimdir - xəstə, yoxsa həkim məsuliyyətsizliyi ŞİKAYƏT

1976-cı il təvəllüdlü Haqverdiyeva Elnarə Soltanəli qızı noyabrın 5-də Bakı şəhəri Həsən Əliyev küçəsi, ev 15 ünvanında yerləşən “Avrasiya Hospitalına” müraciət edib. Qohumu Sevinc Camalova tərəfindən redaksiyamıza daxil olan şikayət ərizəsində göstərildiyi kimi, Elnarə Haqverdiyeva xəstəxanaya gətirilən zaman son ay ərzində inkişaf etmiş, təngənəfəslik, ətraflarda şişkinliklə müraciət edib.

Şikayətçinin sözlərinə görə, müəyyən prosedurlardan keçdikdən sonra xəstəni qarın boşluğu və ağciyərlərin ÜSM müayinəsinə yönəldilib: "Onun hər hansı hərəkət məhdudiyyəti və ya baş ağrıları ilə bağlı şikayətləri olmayıb. Lakin somatik xarakterli şikayətlərə baxmayaraq, klinikanın həkimləri, protokolu pozmaqla ağır təngənəfəslik və şişlər zamanı yardımın göstərilməsi əvəzinə dərhal baş beynin MRT müayinəsini aparmağı zəruri hesab ediblər. Bunun üçün xəstəyə əks göstərişlərə baxmayaraq, protokol pozulmaqla anestizioloq - reanimotoloqun iştirakı olmadan venadaxili “Rinelium” preparatı yeridilib. MRT prosesinin təcili dayandırılması düşməsi isə xəstənin iştirakı olmadan həyata keçirilib. Nəticədə MRT kamerasında radioloji müayinə zamanı xəstədə ürək dayanması, tənəffüsün kəsilməsi baş verib. Reanimasiya birqadası böyük gecikmə ilə gəlib, yalnız ürək yığılmalarını bərpa etmək mümkün olub, lakin xəstə komaya düşüb. Xəstə hazırda ağciyərlərin süni ventilyasiyası altındadır. Noyabrın 12-də xəstə üzərində təkrar aparılan MRT müayinəsi zamanı məlum olub ki, Haqverdiyeva Elnarənin baş beyinin qabıqaltı strukturları hipoksik-işemik hadisəsi nəticəsində zədələnib”.

S.Camalova baş verənlərin həkim məsuliyyətsizliyi ucbatından baş verdiyini iddia edir. Onun sözlərinə görə, xəstəyə zamanında düzgün müayinə proseduru tətbiq edilmədiyi üçün Haqverdiyeva Elnarə hazırda koma vəziyyətindədir və onun ayılacağı təqdirdə belə ömür boyu əlil qalacağı istisna edilmir.

Məsələyə aydınlıq gətirmək üçün yolumuzu “Avrasiya Hospitalına” saldıq. İlk müsahibimiz xəstəxananın baş həkimi, kardioloq Azər Nağıyev oldu. O bildirdi ki, Haqverdiyeva Elnarə bu ayın 5-də səhər saatlarında xəstəxanaya daxil olaraq həkim-nevropotoloq Könül Hacıyevanın qəbulunda olub.

Onun sözlərinə görə, son 10 gün müddətində xəstənin yaxınları bir neçə dəfə Könül həkimlə telefon əlaqə saxlayıb, xəstənin depressiya vəziyyətində olduğunu və ona hər hansı dərmanlarla bağlı göstərişin verilməsini istəyiblər: “Lakin həkimimiz xəstəni görmədən telefon vasitəsilə heç bir dərman vasitəsi ilə bağlı göstəriş vermədiyini bildirib. Haqverdiyeva Elnarənin vəziyyəti xəstəxanaya müraciət etməmişdən 1-2 gün öncə daha da kəskinləşdiyindən təkidlə Könül həkimdən yenidən hər hansı dərmanla bağlı göstəriş verməsini xahiş ediblər. Belə olan halda, həkim bildirib ki, əgər xəstənin vəziyyəti ciddidirsə o zaman Ambulans çağırıb onu xəstəxanaya yerləşdirməyi tövsiyə edib. Könül Hacıyeva ilk növbədə xəstənin nəbzini yoxlayaraq, onun həddindən artıq tez-tez döyündüyün görərək, təcili olaraq qonşu otaqda kardioloq Günay Rəhimovanın yanına EXQ-yə göndərib. Xəstə kardioloq tərəfindən dəyərləndirildikdən sonra onun kardioloji problemi olmadığı, kəskin qan azlığı və ağciyərlərində mayenin olduğu müəyyənləşib. Bu baxımdan xəstə rentgen, kompüter tomoqrafiyasına, beyni ilə əlaqədar şikayətlərinə görə isə MRT-yə yönəldilib”.

Şikayətçinin venadaxili “Rinelium” preparatı yeridilməsinə münasibət bildirən A.Nağıyev söyləyib ki, nevropatoloq xəstənin panik vəziyyətində olduğunu görərək, ona lazım olduğu zaman 2 qramlıq “Rinelium” preparatından 0.5 qram həcmində vurulmasına icazə versə də, xəstəyə bu preparatdan qəti şəkildə istifadə edilməyib: “Xəstə MRT müayinəsindən normal keçib, orada heç bir problem olmayıb. Beyin müayinəsindən sonra UZİ-yə - yəni daxili orqanlarının müayinəsinə göndərilib. Müayinələr zamanı xəstə nəfəsini alıb-saxlaya bilmədiyi üçün bu müayinə tam şəkildə yerinə yetirilməyib və onun vəziyyəti orada pisləşib”.

Həkimlərin gec müdaxilə edilməsi iddialarına gəlincə baş həkim vurğulayıb ki, xəstənin vəziyyəti pisləşdikdən sonra təcili şəkildə reanimotoloqlara xəbər verilib və Haqverdiyeva Elnarəyə yerində yardım edilib: “Xəstə reanimasiyaya yerləşdirildikdən sonra məlum oldu ki, onda maye təkcə ağciyərlərində deyil, eləcə hər iki aşağı ətraflarında olub. Təcili analizlər götürüldüyü zamanı xəstənin kəskin şəkildə qan azlığından əziyyət çəkdiyi aşkara çıxıb. Belə ki, xəstə daxil olarkən onun hemoqlabini 2.7 olub. Əslində normativ 12.5-dən başlayaraq 16-ya qədər gedir. Bu o deməkdir ki, xəstə bir neçə aydır qidalanmır, ya da onun mədə-bağırsağında kəskin qanama olub. Aparılan müayinə zamanı xəstənin mədə-bağırsağında gizlin qanama olduğu müəyyənləşib. Belə olan halda, xəstə nevropatoloqun yanına gəlməli deyildi”.

A.Nağıyev qeyd edib ki, şikayətçi MRT müayinəsinin lazımsız olduğunu iddia etsə də, xəstə ilə bağlı növbəti addımların atılması üçün bu müayinə mütləq aparılmalı idi: “Hazırda xəstə təqib olunur və onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin vəziyyəti bir neçə mütəxəssislər tərəfindən dəyərləndirilib. Onun vərəm, qan xəstəlikləri, ankoloji problemlərinin olub-olmaması ilə bağlı bütün qan təhlilləri aparılıb. Qan təhlillərində bu xəstəliklərin heç biri ilə bağlı şübhə yoxdur. Hazırda xəstənin vəziyyəti stabil ağır olaraq qalır, lakin xəstədən istədiyimiz effekti ala bilmirik. Xəstənin müalicəsi üçün digər klinikalardan həkimlər dəvət edilib. Həkimlər arasında xəstə ilə konsiliumlar keçirilir və onun vəziyyəti nəzərə alaraq, atacağımız addımlar müəyyənləşdirilir. Lakin indi vəziyyəti nəzərə alaraq, xəstənin hazırkı vəziyyət 6 aya qədər uzana bilər”.

Bizə deyilənlərə görə, xəstəni ilk qəbul edən nevropatoloq Könül Hacıyeva beynəlxalq konfransda iştirak etdiyi üçün onun fikirlərini ala bilmədik. Lakin Haqverdiyeva Elnarə hazırda reanimasiya şöbəsində olduğu üçün onun vəziyyəti ilə bağlı şöbənin müdiri, anestizioloq-reanimotoloq Samirə Əliyeva xəstənin ilk olaraq kliniki ölüm vəziyyətində olduğu zaman gördüyünü bildirib.

O deyib ki, xəstəyə ilkin müdaxilə edildikdən 3-4 dəqiqədən sonra ürək ritmini bərpa etmək mümkün olub: “Daha sonra xəstə reanimasiya şöbəsinə gətirilib. İlk 72 saat bizim üçün çox önəmlidir. Çünki, biz nə qədər xəstənin ürəyini xaricdən masaj etsək də, biz ürəyin özü kimi qan dövranını bərpa edə bilmərik. Bu mümkünsüzdür. Ən yaxşı halda, 50 faizinin yerinə yetirilməsinə nail olmaq mümkündür. Bu müddət ərzində də ətraflarda, bədəndə təzyiq olmadığına görə, beyində qan dövranı düşdüyü üçün oksigenə olan tələbat ödənmir. Belə olan halda, beyninin oksigensiz qalan hissəsi 48-72 saatdan sonra nəticəsini göstərməyə başlayır.

Hazırda xəstə postreanimasion vəziyyətdədir. Belə xəstələrin 2 aya qədər ayılma şansı var. İki aydan sonra ümumiyyətlə, xəstə hansı vəziyyətdədirsə, o elə vəziyyətdə yəni xroniki vegetativ olaraq qalır. Belə xəstələr evə buraxıldıqdan sonra ikinci növ infeksiyadan dünyasını dəyişirlər. Ümumiyyətlə, komaya düşən xəstələrdə maksimum effekti ilk 4-5 gün ərzində almaq mümkündür. Bu müddətdən sonra xəstələrdə irəliləyiş çox zəif addımlarla getməyə başlayır. Xəstənin 21 gündür komada olduğunu nəzərə alsaq, artıq xəstədən vəziyyəti ilə bağlı maksimum ala biləcəyimizi almışıq”.

Anestizioloq-reanimotoloq Samirə Əliyeva söyləyib ki, xəstə xəstəxanaya müraciət etməmişdən öncə əlaqə saxladığı həkimə onun halsız, tənəffüs orqanlarındakı problemlərlə bağlı şikayəti olduğunu deyil, yalnız əsəbi, depressiyada olduğunu bildirib: “Amma buna baxmayaraq, xəstə hospitala daxil olan kimi ondan bütün analizlər götürülüb, hətta reanimasiyaya daxil olarkən Haqverdiyeva Elnarənin demək olar ki, bütün analizlərinin cavabı hazır şəkildə olub. Hemoqlabini 2.7 olan xəstənin necə yaşadığı hər birimiz üçün maraqlıdır. Mədə-bağırsaq qanaması keçirən xəstələr də belə hemoqlabin ən kəskin halda 6 olur. Xəstənin başqa yerdən qan itirməsi halı ola bilər ki, bu haqda ya xəstə, ya da onun həyat yoldaşı məlumat verə bilər ki, o da bizə açıqlanmır. Xəstə həddindən artıq üzülmüş vəziyyətdə olub. Düşünürəm ki, xəstə bir az da evdə qalmış olsa idi, yəqin ki, həyatını itirmişdi”.

Xəstənin hazırda hemoqlabinin 8-ə qaldırıldığını deyən şöbə müdiri qeyd edib ki, xəstənin ağır vəziyyətdə olmasının ən birinci səbəbi, onun ev şəraitində uzun müddət hipoksit vəziyyətdə qalmasıdır: “Xəstənin ağciyərlərində olan maye iki dəfə çəkilib. Ağciyəri ilə bağlı bu gün aparılacaq müayinələr Ağciyər İnstitutuna göndəriləcək. Xəstə heç bir komandaya reaksiya vermir. Hazırda xəstəyə yüksək kolarajlı proteinlə zəngin qida verilir. Hazırda əsas məqsəd onu əzələ kütləsinə qaldırmaqdır. Kilosuna 35 kalori hesablanaraq gündəlik qidalanır. Xəstənin uzun müddət ağciyərlərin süni ventilyasiyasına qoşulması düzgün deyil. Normalda 15-17 gün müddətində bu davam edə bilər. Lakin Haqverdiyeva Elnarənin 21 gündür dəyişməz vəziyyətdə qalıb. Ona görə də yaxın günlərdə ona boğaz nahiyəsindən nəfəs borusu açılacaq. İki ay müddətində xəstənin vəziyyətində dəyişiklik olmazsa, o zaman ya evə, ya da reabilitasiya mərkəzinə göndəriləcək.

Xəstənin koma vəziyyətinə MRT müayinəsi zamanı düşməsi ilə bağlı iddialara S.Əliyeva vurğulayıb ki, şikayətçi bu iddiaları dəqiqləşdirmək üçün xəstəxana kameralarındakı görüntüləri izləyə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə