“Ulu Öndər bütün sahələrdə olduğu kimi Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan Azərbaycan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı”. Bunu fikirləri SİA-ya Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, ötən əsrin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ümummilli Lider Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı: “Ulu Öndərin xarici ölkələrdə oxutdurduğu gənclər hazırda Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında özünü daha qabarıq şəkildə büruzə verir”.
Ə.Əmiraslanov söyləyib ki, indi tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin və onun əvəzsiz davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər: “Tibb sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, onun tərkib hissəsinə aid edilən tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, demək Ulu Öndər ideyalarının çiçəklənməsi barəsində həm indi, həm də gələcəkdəki bütün dövrlərdə ağızdolusu danışmağa haqqımız var”.
“İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Tibb mütəxəssislərimizin xaricə ixrac olunması həm də müxtəlif xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən Dünya Azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır” – deyə, komitə sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB