Narkotiklərə aludə olanların orta yaş həddi aşağı düşüb

Narkotiklərə aludə olanların orta yaş həddi aşağı düşüb

Cari ilin avqust ayının 14, 16 və 19 tarixlərində təşkil olunan tədbirdə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün təsdiq olunmuş dövlət proqramına əsasən polis əməkdaşlarının bu sahədə maarifləndirilməsi məqsədilə DİN-ə bilavasitə tabe olan Əlahiddə Çevik Polis Alayında keçirilən tədbirlərdə iştirak ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Bakı şəhərinin butun rayonlarının Çevik Polis Alayının əməkdaşlarının iştirakı təmin olunub. Qeyd olunub ki, son zamanlar bütün ölkələri narahat edən əsas məsələlərdən biri narkomaniyanın yayılmasıdır. Narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də narahatçılıq doğurur, mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür.

Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir. Bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamırlar və ya anlamaq istəmirlər. Bu səbəbdən də maarifləndirmə işi narkomaniyaya qarşı mübarizədə ön plandadır.

Bundan əlavə tədbirlər çərçivəsində Respublika Narkoloji Mərkəzin mütəxəssisləri narkotik vasitələr, onların növləri, orqanizmdə yaratdığı fəsadlar, cəmiyyətdə törətdiyi problemlər barəsində təqdimatla çıxış ediblər. Təqdimatda tədbir iştirakçılarına narkotik vasitə istifadəçilərinin aşkarlanması barəsində geniş məlumat verildi və yaranan suallar cavablandırılıb

Sonda tədbirin təşkilatçıları tərəfindən bir daha maarifləndirmə tədbirlərinin bu günün və gələcəyin asayiş keşikçiləri üçün yüksək əhəmiyyət daşıdığı vurğulanıb və bu tədbirlərin davamlı təşkil olunacağı bildirilib. Mərkəzin əməkdaşları Səhiyyə Nazirliyinin nümayəndələri olaraq, daim bu vacib tədbirlərdə yaxından iştirak etməyə həmişə hazır olduqlarını bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə