Bu gün Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Mirməmməd Cavadzadənin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda institutun direktoru Nazim Qasımov M. Cavadzadənin həyatı, səhiyyə sahəsindəki xidmətləri barədə ətraflı məlumat verib.
O bildirib ki, 1927-ci ilin mayın 18-də Lənkəran rayonunda anadan olan M. Cavadzadə dərin elmi intuisiyaya, analitik düşüncəyə, fenomenal yaddaşa, heyrətləndirici əməksevərliyə və xüsusi təşkilatçılıq bacarığına malik olub. N. Qasımovun sözlərinə görə, görkəmli uroloq alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olan Mirməmməd Cavadzadə SSRİ məkanında ilk ən güclü uroloq, həmçinin Azərbaycanda uroloji məktəbin yaradıcısı hesab edilir.
Qeyd olunub ki, M. Cavadzadə urologiyanın problemlərinə həsr edilmiş 34 monoqrafiya və dərs vəsaitinin, 700-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi altında 17 elmlər doktoru, 73 elmlər namizədi, yüzlərlə yüksək ixtisaslı uroloq-həkim yetişib. 1966-cı ildə onun təşəbbüsü və iştirakı ilə Bakıda Respublika Klinik Uroloji Xəstəxana yaradılıb və hazırda tibb müəssisəsi Mirməmməd Cavadzadənin adını daşıyır. Akademik bir sıra orden və medallara layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Alim 2008-ci il avqust ayında vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB