Yanıq və onların fəsadları müzakirə olunub FOTOLAR

Yanıq və onların fəsadları müzakirə olunub FOTOLAR

Bu gün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının Yanıq şöbəsinin fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxış edən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Şahin Əliyev bildirib ki, yanıqların ixtisaslı müalicəsinə dünya təbabətində 1948-ci ildən başlanıb bu səbəbdən yanıqlarla məşğul olan elm sahəsi - kombustiologiya nisbətən cavan elmlərdən sayılır: "Azərbaycanda yanıqların ixtisaslı müalicəsinə ötən əsrin 60-cı illərindən başlanılıb. Respublikada ilk dəfə olaraq Yanıq Mərkəzinin yaradılması bu işdə önəmli rol oynayıb. Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin sərancamı ilə həmin mərkəz 3 ilə yaxındır Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində Yanıq şöbəsi kimi fəaliyyət göstərir. Bununla da bir-birini tamamlayan iki böyük klinik sahənin bir müəssisədə fəaliyyət göstərməsi üçün münbit zəmin yaradılıb".

Tədbirdə çıxış edən yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov söyləyib ki, yanıqlardan əziyyət çəkən xəstələrin müalicəsi ağır zəhmət və uzun zaman tələb edir: "Yanığın kəskin dövrü keçdikdən sonra belə xəstənin bədəninin müxləlif nahiyyələrində olan çapıqların və deformasiyaların müalicəsi aparılmalıdır. Bu zədələri ləğv etmək üçün çox çeşidli və mürəkkəb əməliyyatlar aparılmalıdır və onlar da ixtisaslaşmış klinikada həyata keçirilməlidir. Ona görə də çox zaman müştərək travmalarla müşayiət olunan yanıqlı xəstələrin eyni müalicə müəssisəsində terapiya alması bu günün tələbidir".

Tədbirin davamında yanıqlar və onların fəsadlarının müalicəsində Azərbaycan alimlərinin nailiyyətləri haqqında danışıldı, plastik və rekonstruktiv əməliyyatlar barədə məlumatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə