Virus hepatitləri və onlarla əlaqədar xəstəliklər üzrə profilaktika, hepatit virusları əleyhinə vaksinasiya ilə əhatə olunmanın genişləndirilməsi və bu peyvəndin milli immunizasiya proqramlarına inteqrasiyası dünya səhiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində hepatit viruslarına qarşı mübarizə və profilaktika tədbirlərinin gücləndirilməsi ilə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.
Tədbiri səhiyyə naziri Niyazi Novruzov açaraq bildirib ki, ötən il dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə bu məsələ geniş müzakirə olunub və konkret tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən, hazırda səhiyyə müəssisələrində məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonra Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Zeynəb Mənsumova hepatit xəstələrinin aşkar edilməsi, xəstələrin müalicə tədbirləri, GEM-lər tərəfindən görülən işlər, xəstəliyin qarşısının alınması tədbirləri barədə məlumat verib.
Bildirilib ki, qanla keçən infeksiyaların (QİÇS, HİV, eləcə də hepatit B, C) müayinəsinə muxtar respublikada 2006-cı ildən başlanılıb. Əvvəlki illərdə ancaq donorlar müayinəyə cəlb olunurdu. 2009-cu ildən obliqat qruplar, 2012-ci ildən donorlar, əməliyyat olunanlar və hamilələr, bu gün isə qeyd olunanlarla bərabər, nikaha daxil olanlar və könüllü müraciət edənlər müayinələrə cəlb edilirlər. Hazırda əməliyyat aparılan, doğuş həyata keçirilən əksər dövlət və özəl tibb müəssisələrində hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələri aparılır. Ekspres metodla aşkar olunan xəstələr Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsində əlavə müayinəyə göndərilirlər. Əməliyyat və doğuş aparılan tibb müəssisələrinin hamısında sterilizasiya tədbirləri təlimata uyğun həyata keçirilir. Ərazi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən yoluxma ocağı dəqiqləşdirilir. Xəstələrlə təmasda olanlar müayinələrə cəlb edilir, maarifləndirici tədbirlər aparılır.
Kollegiya iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib. Əməliyyat aparılan və doğuş həyata keçirilən dövlət və özəl tibb müəssisə rəhbərlərinə hepatit B və C viruslarının, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələrinin aparılmasına nəzarətin daha da gücləndirilməsi barədə tapşırıq verilib.
Əməliyyat otaqlarında, stomatoloji kabinələrdə sanitar-gigiyenik və əks-epidemik tədbirlərə, alətlərin, tibbi materialların sterilizasiyasına, yuyucu məhlulların hazırlanması, saxlanması, avtoklavın təlimata uyğun işinə, tibbi tullantıların zərərsizləşdirilməsinə nəzarətin daha da artırılması qərarda öz əksini tapıb.
Kollegiyada Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə virus B və C hepatit xəstələrinin registrinin yaradılması, onların bölgələr üzrə sayının müəyyənləşdirilməsi barədə tapşırıq verilib. Həmin tapşırığa əsasən, rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələri ilə birgə hər ay bölgələr üzrə aşkar olunan virus B və C hepatitli, eləcə də qanla keçən digər ilkin xəstələr haqqında ərazi gigiyena və epidemiologiya mərkəzlərinə müntəzəm məlumat veriləcək, aşkar olunan ilkin xəstələrin siyahısı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə təqdim ediləcək. Mərkəzdə B və C hepatit xəstələrinin müayinə və müalicə tədbirləri xüsusi həkim komissiyasının birgə razılığı əsasında təşkil olunacaq.
Gözəllik salonlarında, bərbərxanalarda dezinfeksiya və sterilizasiya tədbirləri, səhiyyə müəssisələrində tibbi tullantıların zərərsizləşdirilməsi, yuyucu məhlulların hazırlanması və saxlanılması mütəmadi xarakter daşıyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB