Anaların uşaqlara bağlı məsələlərdə əziyyət çəkdiyi məqamlardan biri onlara dərman vasitələrinin verilməsidir. Bəzən uşaqlar dərman qəbul edərkən təzyiq göstərir, bəziləri ilə onu qəbul etməkdən imtina edirlər. Lakin burada ən təhlükəli məqam uşaqlara həblərin bütöv şəklində verilməsidir. Uşaqlar həbləri düzgün qəbul etmədikdə, onlarda boğulma, çeçəmə kimi hallar baş verir. Belə məqamlarda ən pisi isə uşağın həb üzündən həyatını itirməsidir. Bir neçə gün öncə Astara rayonunda bununla bağlı bədbəxt hadisə baş vermişdi. Belə ki, rayonun Artoba kəndində yaşayan 2014-cü il təvəllüdlü Həlimə Kamran qızı Ağazadə boğazında dərman qalması səbəbindən boğularaq ölmüşdü. Bəs azyaşlı uşaqlara həb vermək olarmı? Həblər uşaqlara necə verilməlidir? SİA bu suallara cavab tapmağa çalışıb.
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev deyib ki, körpə uşaqlara dərman preparatları bir qayda olaraq sirop şəklində təyin olunur. Onun sözlərinə görə, həb şəklində dərmanlar 3-4 yaşından sonra uşaqlara təyin oluna bilər: "Bu dərmanların da istifadə qaydası tam şəkildə valideynə tətbiq olunmalıdır. Ümumiyyətlə, uşaqlara dərman vasitələri verildikdə maksimum şəkildə diqqətli olmaq lazımdır. Əgər uşağa həb şəklində verilən dərman onun nəfəs yoluna düşürsə, demək onu verən valideynin üzərinə böyük məsuliyyət düşür. Çünki valideynin dərmanı səhv verməsi bədbəxt hadisə ilə nəticələnə bilər".
Baş pediatr söyləyib ki, tibb sahəsində körpə və azyaşlı uşaqlar üçün nəzərdə tutulan dərman vasitələrinin əksəriyyəti məhlul şəklində hazırlanır: "Bundan başqa belə dərmanların dadları da körpələrə uyğun şəkildə hazırlanır ki, onlar dərmandan imtina etməsinlər. Lakin elə dərmanlar var ki, onların sirop forması yoxdur. Bu cür dərmanlar azyaşlı uşaqlara təyin olunduqda onlar toz şəklində istifadə edilməlidir. Valideynlər həbləri uşaqlara əzilmiş şəkildə verməlidirlər ".
Həblərin özünü sərbəst şəkildə idarə edən uşaqlara verilməsini məsləhət görən N. Quliyev əlavə edib ki, həblərin 3 yaşa qədər uşaqlara bütöv şəklində verilməsi məsləhət görülmür.
Bütün xəbərlər Facebook səhifəmizdə