Göz xəstəliyindən əziyyət çəkən 2 987 xəstə niyə əməliyyat edilmir? SƏBƏBLƏRİ

Göz xəstəliyindən əziyyət çəkən 2 987 xəstə niyə əməliyyat edilmir? SƏBƏBLƏRİ

"Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda cəmi 8 tibb ocağına insan orqanında toxumaların transplatasiyasına dair əməliyyatların həyata keçirilməsinə dair icazə verilib. Onlardan biri Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzidir ki, burada gözün buynuzlu qişasının transplatasiyasını aparmaq üçün icazə verilib. Lakin bu gün mərkəzdə 2 987 nəfər bu əməliyyatın aparılması üçün qeydiyyatda olsa da, gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan, xəstələri əməliyyat edə bilmirik". SİA-nın xəbərinə görə, bunu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Mərkəz sədri bildirib ki, xəstələrin vaxtı gedir, onlar tez bir zamanda əməliyyat olunmalıdır: "Əgər onlar zamanında əməliyyat olunmasa, görmə qabiliyyətlərini tamamilə itirə bilərlər. Göz görmədikdə onun funksiyası getdikcə azalır. Bu xəstələr öz növbələrini gözləyirlər. Demək olar ki, onlar hər gün bizə bununla bağlı müraciət edirlər. Hazırda mərkəzimizdə bu əməliyyatın keçirilməsi üçün bütün lazımı cihaz və mütəxəssislər var. Mütəxəssislərimiz Beynəlxalq Qan Bankının nümayəndələridir və onların seritifakatları var".

Bir neçə il bundan öncə bu əməliyyatların uğurla həyata keçirildiyini deyən mərkəz sədri qeyd edib ki, il ərzində 15-20 belə əməliyyat keçirilirdi: "Amma təəssüf ki, hazırda biz buynuzlu qişanı toxuma kimi əldə edə bilmirik. Bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər. Həmin toxumalar dərman vasitəsi kimi ölkəyə gətirilə bilər".

E. Qasımov əlavə edib ki, qeydiyyatda olan xəstələrin 70 faizini gənclər təşkil edir: "Çox təssüf ki, ölkəmizdə fəaliyyət göstərən müəyyən qurumlar var ki, onlar belə xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparırlar. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Bu əməliyyatı edən xsətələrə daimi nəzarət olunmalıdır. Orada olan tikişlər bir neçə mərhələ ilə sökülməlidir. Bu əməliyyat ambulator hesab olunsa da, cərrah tərəfindən həyata keçirilməlidir. Bəzi xəsətələr var ki, onlar vəsait toplayıb gedib başqa ölkələrdə əməliyyat etdirə bilirlər. Lakin mərkəzimizdə qeydiyyatda olan xəstələrin belə imkanları yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə