Uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir

Uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir

Son illər yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən irimiqyaslı və səmərəli tədbirlər nəticəsində davamlı epidemioloji sabitlik təmin edilib. Məsələn, hazırda Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinasiya aparılır, ölkədə bütün uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir. Son illər hepatit B və pnevmokoka qarşı da vaksinasiya aparılır. Ölkədə planlı peyvəndlərin 95-97 faiz yerinə yetirilməsi və immunizasiya tədbirlərinin daim təkmilləşdirilməsi nəticəsində immunoprofilaktika vasitəsilə idarə edilən infeksiya xəstəliklərinə yoluxma halları azalıb.

SİA-nın verdiyi xəbərə görə, bu məlumatlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2016-cı ildə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında açıqlanıb.

Mərkəzin baş direktorunun müavini Afaq Əliyeva bildirib ki, yoluxucu xəstəliklərə qarşı mübarizə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, son illər ölkə rəhbərliyinin bilavasitə dəstəyi nəticəsində bu sahədə müvafiq tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" uşaqlar arasında xəstələnmənin səviyyəsinin azalmasına yönələn mühüm sənəddir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə 1995-ci ildən bəri poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca və 2016-cı ildən epidemik parotit xəstəlikləri müşahidə edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə