9 ildə təcili yardıma qəza ilə bağlı 9394 müraciət daxil olub

9 ildə təcili yardıma qəza ilə bağlı 9394 müraciət daxil olub

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə təciloi yardım xidmətinə həsr edilmiş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə qeyd edilib ki, 2006-cı ildə respublika ərazisində baş vermiş yol nəqliyyat hadisələri zamanı reanimasion-anestezioloji yardımın gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin 120 saylı əmri əsasında SN TTTYS nəzdində 12 Regional məntəqə və "113" dispetçer mərkəzi yaradılıb və 2007-ci ildən tam fəaliyyətə başlayıb. SN TTTYS-nın "113" dispetçer mərkəzində 5 dispetçer fəaliyyət göstərir və göndəlik olaraq 12 anestezioloji-reanimasion briqada xəttə olur.

2007-2016-cı illər ərzində "113" xidmətinin dispetçer mərkəzinə yol nəqliyyat hadisələri ilə bağlı 9394 müraciət qəbul edilib. Bu hadisələr zamanı 12223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu pasientlərdən 7866 (64%) nəfər xəstəxanaya yerləşdirilib.

Ölkədə yol nəqliyya hdisələri zamanı zərərçəkənlərin sayı azalmağa doğru gedir.

2016-cı il yanvar – oktyabr aylarında yol nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin analoji göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb, bu isə keçən ilin analoji göstəricisindən 7% azdır. Ümumilikdə zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yol nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.

Qeyd edək ki, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı həmçinin son 2 il ərzində azalmağa doğru gedir. Sevindirici haldır ki, son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı da azalıb.

2016- cı ilin yanvar ayından noyabr ayınadək yol nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib.

Yol nəqliyyat hadisələrinin çox hissəsi yüksək sürətli avtomagistrallarda, günün pik saatlarında baş verir. İstirahət və bayram günlərində əhalinin kütləvi şəkildə şəhərdən çıxması və sonra geri qayıtması yollarda nəqliyyat vasitələrinin sayının çoxluğu yol nəqliyyat hadisələrini qaçılmaz edir.

BŞTTTYS – nın 21 bölməsi üzrə aparılan araşdırmalar göstərmişdir ki, yol nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.

Yol nəqliyyat hadisələri zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənləri aldıqları xəsarətin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidləyərək, vəziyyəti çox ağır olanları ilk növbədə hospitalizasiya etməklə həmin şəxsin əlil olmamaq və həyatda qalmaq şanslarını artırır. Ürək-ağ ciyər reanimasiyasını ürəyin qapalı massajı və süni tənəffüs verilməsini mükəmməl bilən şəxslər də zərərçəkənə yardım edə bilər. Lakin, reanimasiya və ya ilkin yardımın edilmə qaydalarını düzgün bilməyən şəxslər istəmədən zərərçəkənə ziyan vura və ya vəziyyətinin ağırlaşmasına, hətta əlil qalmasına və ölməsinə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, yol nəqliyyat hadisələri zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara tez çatdırmağa çalışaraq işıq və səs siqnallarından istifadə etmələrinə baxmayaraq bəzi nəqliyyat vasitələrinin sürücüləri təcili yardım avtomobillərinə yol verməyərək hospitalizasiyanın ləngiməsinə, zərərçəkənlərin vəziyyətinin ağırlaşmasına səbəb olurlar.

lakin buna baxmayaraq təcili təxirəsalınmaz tibbi yardım xidməti baş verən hadisələr zamanı zərərçəkənlərə yüksək səviyyəli yardım göstərmək məqsədi ilə bütün zəruri tədbirləri görür.

Bütün xəbərlər Facebook səhifəmizdə